Altsheymer xəstəliyinə qarşı həyat tərzi ilə bağlı olmayan qoruyucu amil müəyyən edilibbackend

Altsheymer xəstəliyinə qarşı həyat tərzi ilə bağlı olmayan qoruyucu amil müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hong Kong Universiteti alimlərinin apardığı araşdırmaya görə, osteoporozun müalicəsində istifadə olunan bəzi dərmanlar Altsheymer xəstəliyi və digər demensiya növlərinin inkişaf riskini 16–24% azalda bilər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Alzheimer’s & Dementia jurnalında dərc olunub.

Söhbət azot tərkibli bifosfonatlardan gedir. Bu dərman qrupu sümük kütləsinin azalmasını ləngidir və osteoporozun müalicəsində geniş istifadə olunur. Bu qrupa alendronat və zoledronat kimi preparatlar daxildir.

Tədqiqat çərçivəsində alimlər sümük sıxlığının azalması ilə əlaqədar osteoporoz və ya sınıqları olan 60 yaşdan yuxarı 120 mindən çox Honq Konq sakininin elektron tibbi məlumatlarını təhlil ediblər. Araşdırma 2005–2020-ci illəri əhatə edib.

Nəticələr göstərib ki, azot tərkibli bifosfonatlardan istifadə edən pasiyentlərdə demensiya inkişaf riski müalicə almayan və ya digər osteoporoz dərmanlarından istifadə edənlərlə müqayisədə daha aşağıdır. Tədqiqatçılar hesab edirlər ki, təxminən 48 pasiyentin beş il ərzində bu dərmanlarla müalicəsi bir demensiya halının qarşısını ala bilər.

Bu əlaqə xüsusilə qadınlarda və bud-çanaq sümüyü sınığı keçirmiş xəstələrdə daha aydın müşahidə olunub. Alimlər qeyd edirlər ki, osteoporoz və demensiya tez-tez eyni şəxslərdə rast gəlinir və yaşlılıq, aşağı fiziki aktivlik və qadın cinsi kimi ümumi risk faktorlarına malikdir.

Bifosfonatların bioloji təsir mexanizmləri hələ tam aydınlaşdırılmayıb. Lakin bəzi sübutlar göstərir ki, bu dərmanlar iltihab proseslərinə və hüceyrə metabolizminə təsir göstərə bilər. Bu proseslər isə neyrodegenerativ xəstəliklərin inkişafında mühüm rol oynayır.

//Gülnarə Abasova, Editor.az