“AMEA-da ciddi islahatlara ehtiyac var” – Hamlet İsaxanlıdan çağırışbackend

“AMEA-da ciddi islahatlara ehtiyac var” – Hamlet İsaxanlıdan çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizdən bir “Nobel” mükafatçısı çıxmayıb, onlarda isə “Nobel”çilərin sayı bilinmir”

“Elmlər Akademiyası sistemi Sovetdən qalma ənənədir və və hesab edirəm ki, AMEA-da ciddi islahatalara ehtiyac var. AMEA-da islahatlar həyata keçirilməli və bu qurum kiçildilməlidir.

Bu sözləri Editor.az-a açıqlamasında “Xəzər” Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı söyləyib.

Rektor bildirib ki, Gürcüstan və digər qonşu dövlətlər artıq bundan imtina edib: “Məhz hazırda Gürcüstan Elmlər Akdemiyasının xaricdən olan üzvüyəm. Onların fəaliyyətinə yaxından bələdəm. Orada fəaliyyət göstərən Elmlər Akademiyası sovetdən qalma akademiya deyil. Faktiki olaraq yenidən dizayn edilib və müasir çağırışlara uyğunlaşdırılıb. Hesab edirəm ki, biz də AMEA-nın ləğvinə nail olmalı, tərkibindəki elmi-tədqiqat insitutularına publik hüquqi şəxs statusu verməliyik. Eyni zamanda elmi istehsal tutumlu biznes sahələrini inkişaf etdirməliyik. AMEA nəhəng bir qurumdur və bu qurumun saxlanılmasına hər il yüzmilyonlarla vəsait xərclənir. Buna nə zərurət var ki? Dünyanın ən nəhəng akademiyaları olan – ABŞ, İngiltərə, Almaniya, Fransa Elmlər Akademiyalarının cəmi bir binası var. Bizdə isə təkcə AMEA-nın iki nəhəng mərkəzi binası mövcuddur. Bizdən bir “Nobel” mükafatçısı çıxmayıb, onlarda isə “Nobel”çilərin sayı bilinmir”.

Onun sözlərinə görə, AMEA-nın rəhbərliyinə adətən tətbiqi sahələrdən olan alimlər gətirilir: “Çünki akademiyadakı elmi-tədqiqat müəssisələrinin çoxu dəqiq və təbiət elmləri üzrə fəaliyyət göstərirlər. Humanitar sahələrin isə yükü azdır. Həm də onların büdcəsi də çox deyil. Bu səbəbdən bir qayda olaraq AMEA-nın rəhbərliyinə tətbiqi sahələrdən olan alimlər rəhbər gətirilir. Bu bizdə də belə olub, digər ittifaq ölkələrində də. Bir daha söyləmək istəyirəm ki, bu qurumu saxlamağa ehtiyac yoxdur. Görünən odur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Elmlər Akademiyası heç bir ciddi elmi layihəyəyə imza atmayıb. Elmi müəssisələr cəmiyyətə fayda verməlidir. Bizim AMEA veribmi? Cavabı bəllidir: xeyr. O halda bu qurumu saxlamağa nə zərurət var ki? AMEA-nın fəaliyyətinə xitam verilməlidir” deyə, İsaxanlı fikrini yekunlaşdırıb.

// Gülnarə Abasova, Editor.az