“Amerika bu regionda olmaq istəyirsə, Azərbaycanla hesablaşmalıdır”- ŞƏRHbackend

“Amerika bu regionda olmaq istəyirsə, Azərbaycanla hesablaşmalıdır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi

“Əvvəla, bu nəşrin harada yerləşdiyinə diqqət edək. Amerika siyasi jurnalistika məktəbidir. Nə gözləyirsiz? Daim bizə qarşı qərəz nümayiş etdirən, erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri, ikinci ən böyük səfirliyi Ermənistanda yerləşən Amerika deyilmi? Hikmət müəllim zatən hərtərəfli cavabı verib. Bir də lap etmişik, bunun Amerika nəşri üçün  isti-soyuğu varmı?”.

Bu fikirləri Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Politico” nəşrinin Azərbaycan əleyhinə əsassız iddiaları ilə bağlı açıqlamasında deyib.

Analitik əsassız iddialarla bağlı yazının nəşrin öz fəaliyyəti olmadığını və sifarişli yazı olduğu qənaətindədir:

“Bizim ərazilər mənfur düşmən tərəfindən işğal olunanda əleyhimizə 709-cu düzəlişi edən və hazırda o düzəlişin iki həmmüəllifindən biri olan Co Baydenin rəhbərlik etdiyi Amerikadan başqa zatən gözləntimiz ola bilərmi? Biz nə vaxt Amerikadan tələb etmişik ki, ərazilərimizi işğal edən Ermənistanla əlaqələri kəs, yaxud niyə əməkdaşlıq edirsən? Dünya ədalətsiz dünyadır. Güclü çalışır zəifi tapdalasın, özünə tabe etsin. Amma Amerika düşünməsin ki, supergücdür, istədiyi dövləti özünə tabe edə bilər. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Amerika bu regionda olmaq istəyirsə, Azərbaycanla hesablaşmalıdır. Getdi Əfqanıstanı, İraqı işğal etdi, faktiki bu işğal kimi qəbul olunmalıdır, Liviyanı viran etdi. Misir, Yəmən hadisələri də gözümüzün qabağındadır. Bizə boş-boş demokratiya, söz, mətbuat azadlığı və.s kimi nağıllar danışmaq lazım deyil. Dünya əfqanıstanlı, iraqlı körpələrin ah-naləsini unutmayıb.Getsinlər öncəliklə svop ilə idxalın fərqini bilsinlər, sonra dünyaya yönəlik yazılarla çıxış etsinlər.

Belə yazılar təsadüfi deyil. Gördülər ki, Azərbaycan hər şeyə rəğmən balanslı siyasətindən bir addım da geri çəkilmədi və çəkiləcək kimi də görünmür. Sadəcə belə yazılarla dünyada Azərbaycan haqqında fikir yaratmaq istəyirlər. Bəs Azərbaycan Ukraynada işğalçı savaş aparan Rusiya ilə əməkdaşlıq edir…Nə etməlidir, rəsmi Bakı? Ukraynaya yaxud ikili standartlardan çıxış edən Avropaya görə Rusiya ilə əməkdaşlıq etməməlidir, yaxud əlaqələri kəsməlidir? Bir sual olunur. Niyə o zaman Avropa rus qazından imtina etmir? Rusiyaya milyardlarla vəsait xeyir verirlər ki, Ukrayna müharibəsini rahat başa çatdıra bilsinlər… Özlərinə gələndə hər şey ola bilər, başqalarına gələndə yox…Xeyr, yoxdur elə bir dünya… Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasətini də aparır. Kim bizimlə dost olacaqsa, dostuq, düşmənçilik yolunu tutacaqsa, sadəcə itirən tərəf olacaq”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.