İsrailə gələn amerikalı hərbi məsləhətçilər ölkə hakimiyyətini Qəzza zolağında genişmiqyaslı quru hərbi əməliyyatından imtina etməyə inandırırlar.
Editor.az bildirir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verir. Qeyd olunur ki, məsləhətçilər İsrail Müdafiə Qüvvələrinə “dəqiq hava zərbələri” həyata keçirməklə kifayətlənməyi təklif edirlər. Kanalın həmsöhbətləri bildiriblər ki, ABŞ hərbi rəsmiləri İsraili ABŞ-ın 2004-cü il İraq müharibəsi zamanı apardığı “amansız şəhər müharibəsi” növünə qarşı xəbərdar ediblər.
Hərbi məsləhətçilər quru əməliyyatı zamanı SAXAL-ın “hər ev uğrunda qanlı döyüşdə batmasını” istəmirlər. CNN bildirir ki, ABŞ Dəniz Piyadaları Xüsusi Əməliyyat Komandanlığının keçmiş rəhbəri general Ceyms Qlinn SAXAL qüvvələrinin Qəzza zolağına daxil olmasının qəti əleyhinədir.
Onun fikrincə, İsrail genişmiqyaslı quru əməliyyatı olmadan da Fələstinin HƏMAS hərəkatını məğlub etməyə qadirdir. Telekanalın məlumatına görə, İsrailə gələn digər şəxslər Qlinnin fikri ilə razılaşır və HƏMAS-ın müharibədə “İslam Dövləti” terror qruplaşmasının taktikasından – insanları qalxan kimi istifadə etməsi ehtimalını ciddi təhlükə adlandırırlar.
//Samir Qurbanov, Editor.az

