“Amerikada İsrail və Ukraynaya yardım göndərilməsi məsələsində müəyyən fikir ayrılıqları olsa da bu yardımlar ümumiyyətlə dayandırıla bilməz”.
Bunu Editor.az-a konfliktoloq Elman Vəliyev ABŞ Nümayəndələr Palatasında respublikaçıların İsrailə Ukraynaya yardım paketindən ayrıca 14, 3 milyard dollarlıq yardım planı üzrə səsvermə keçirilməsi və yardım paketində Ukrayna üçün yardım olmasa, Baydenin İsrail üçün maliyyələşdirməyə veto qoyacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda iki önəmli cəbhədə Amerika proksi müharibə edir:
“ABŞ-ın bu müharibələrdə uduzmağı çöküşün başlanğıcı deməkdir. Həm bu müharibələrə, həm də inflyasiyaya görə onsuzda əhali narazıdır. Bayden administrasiyası bu qədər narazılıqdan sonra açıq şəkildə bildirməz ki, fələstinlilərə ölüm olsun. Növbəti il prezident seçkiləri gəlir. Demokratlar və respublikaçılar arasında mühüm bir rəqabət olacaq”.
Elman Vəliyev hazırda gedən müharibələrin ABŞ-da keçiriləcək prezident seçkilərində vacib əhəmiyyətə malik olduğunu düşünür: “Ukraynanı uduzdurmaq seçkini uduzmaq deməkdir. Fələstinliləri qırğına vermək də uduzmaq anlamındadır. Çünki görünür ki, amerikalılar fələstinlilərin soyqırımını istəmir. Amma bunlar işin üzdən görünən hissəsidir. Amerikanın özünə məxsus siyasəti var. Prezidentlər də bu ölkədə fiqur kimidir. Söz sahibi onlar deyil. Yardımı dayandırmaq Amerika üçün müsbət heç nə vəd etməyəcək. Ona görə də həmin ölkələrə dəstəyin dayandırılacağını zənn etmirəm “.
//Safura Bənnayeva, Editor.az

