Yanvarın 22-də axşam saatlarında Amerika və Britaniya silahlı qüvvələri Yəməndə husilərin hədəflərinə zərbələr endirib.
Editor.az bildirir ki, bu barədə “Associated Press” bir neçə amerikalı rəsmiyə istinadən xəbər verir. Onlar bildiriblər ki, zərbələrdə döyüş gəmiləri və sualtı qayıqlardan atılan “Tomahawk” qanadlı raketləri və döyüş təyyarələrindən atılan raketlərdən istifadə olunub.
Agentliyin həmsöhbətləri dəqiqləşdiriblər ki, hücumların hədəfi husilərin raket anbarları və buraxılış qurğuları olub. Husilərin “Ənsar Allah” hərəkatının mətbuat xidməti ABŞ və İngiltərənin Yəmənin paytaxtı Səna və bir sıra əyalətlərə zərbələr endirdiyini xəbər verib.
Hərəkatın təhlükəsizlik xidmətindəki mənbə mətbuat xidmətinə bildirib ki, “əl-Dailami” aviabazasına və “əl-Hafa” hərbi düşərgəsinə hərəyə 4 dəfə hücum edilib, hərbçilər isə paytaxtın Sərəfa rayonuna iki silsilə hücum həyata keçirib.
Bundan əlavə, mənbənin məlumatına görə, Məkbənə şəhəri, Taiz və əl-Beyda əyalətləri də hücuma məruz qalıb. Sənanın cənubunda yaşayan Camal Həsən AP-yə bildirib ki, evinin yaxınlığında iki mərmi düşüb və küçədəki avtomobillərin siqnalları işə düşüb.
//Samir Qurbanov, Editor.az

