“ABŞ və Fransanın Avropadakı fikir və planları Cənubi Qafqazdakından fərqlidir. Cənubi Qafqazda Fransa və Amerika eyni mövqedən çıxış edə bilir. Ukrayna məsələsində Fransa və Amerika Ukraynanın məhv olması hesabına Rusiyanın zəifləməsində maraqlıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında Ağ partiya sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Azərbaycanda Amerika və Fransa açıq-aşkar ATƏT-in Minsk qrupunda apardıqları birgə siyasəti qeyri-rəsmi olaraq davam etdirirlər:
“ATƏT-in Minsk qrupunda Amerika, Fransa və Rusiya Azərbaycan əleyhinə olan mövqedə birlikdə çıxış edirdilər. İndi guya öz istiqamətlərinə uyğun olaraq işğaldan azad edilmiş Şuşadakı tədbirlərdə iştirak etmirlər. Amerika səfirliyinin bəyanatında qeyd olunmuşdu ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfirliyin nümayəndələri gedib. Amma məlumdur ki, Ermənistan məhz Şuşaya olan səfərlərə etiraz edir. Deməli, Amerika və Fransa burada Ermənistanı qəzəbləndirmək istəmir. Biz də buna açıq şəkildə etirazımızı bildirməliyik. Həmin səfirliklərə nota verilməlidir ki, onlar bu addımları ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaqdılarını göstərirlər. Əgər ərazi bütövlüyünü tanıyırlarsa, o zaman Şuşa səfərində iştirak etməmə səbəbləri ilə bağlı izahat verməlidirlər. Hikmət Hacıyevin Amerika və Fransa səfirlərinin fəaliyyəti ilə bağlı bəyanatı da kifayət qədər sərt idi. Amerika və Fransa əleyhimizə tutduqları siyasi mövqenin Azərbaycanda qarşılığını görməlidirlər”.
//Safura Bənnayeva, Editor.az

