ABŞ-ın 50 senatorundan ibarət qrup Rusiya Ukrayna münaqişəsinin həllində iştirakdan imtina edərsə, ona qarşı daha sərt sanksiyalara səs verməyə hazır olduqlarını bəyan ediblər.
Senatorların bəyanatında deyilir ki, Rusiya neftini alan ölkələrdən ABŞ-a idxal olunan mallara 500% rüsum tətbiq olunacaq. “Bu sanksiyalar Rusiya Ukrayna ilə uzunmüddətli sülh danışıqlarından imtina edərsə və ya sülh bağlandıqdan sonra Ukraynanın suverenliyinə xələl gətirəcək hərbi müdaxilə də daxil olmaqla, başqa səylər göstərərsə, tətbiq ediləcək”, – bəyanatda deyilir.
“Qanunvericilik həmçinin Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən idxal olunan mallara 500 faiz rüsum müəyyən edir”, – deyə məlumatda bildirilir. Agentlik qeyd edir ki, sənədi imzalayan senatorlar arasında ABŞ-ın Respublikaçı və Demokratik partiyalarının nümayəndələri də var.
Xatırladaq ki, martın 30-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün Rusiya hakimiyyəti ilə razılıq əldə olunmasa, ABŞ Rusiya neftinə 25-50 faiz rüsum tətbiq edəcək. Trampın sözlərinə görə, Rusiyadan neft alan şirkətlər Ukrayna nizamlanması uğursuz olarsa, ABŞ-da bizneslə məşğul ola bilməyəcəklər.
//Samir Qurbanov, Editor.az