Amerikalı tədqiqatçılar Rusiyanın ABŞ-da “Skyfall” kimi tanınan yeni nüvə mühərrikli “Burevestnik” qanadlı raketinin potensial yerini aşkar ediblər.
Bu, Moskvadan 475 km şimalda, Voloqda bölgəsindəki bazadır.
Editor.az bildirir ki, bu barədə sentyabrın 3-də “Reuters” agentliyi yazıb. Peyk görüntülərinin təhlili nüvə başlığı saxlama kompleksinin yanında yüksək bəndlərlə qorunan doqquz üfüqi buraxılış meydançasının inşasını göstərir. Britaniya xəbər agentliyi yazır ki, Rusiya prezidenti Vladimir Putin “Burevestnik”i qeyri-məhdud uçuş məsafəsinə malik, ABŞ-ın raketdən müdafiə sistemlərindən yan keçə bilən silah kimi təqdim edib.
Bununla belə, ekspertlər onun strateji dəyərinə və texniki imkanlarına şübhə ilə yanaşırlar. Onlar qeyd edirlər ki, “Burevestnik” az öyrənilmiş raketdir. Buna görə də, radiasiyanın potensial buraxılması səbəbindən ekoloji təhlükə yarada bilər. Silahlara Nəzarət Assosiasiyasının yüksək rütbəli rəsmisi Tomas Kantriman deyib ki, “Skyfall unikal silahdır, digər ölkələrlə müqayisədə Rusiyanın özü üçün daha böyük təhlükə yaradan “uçan Çernobıldır”. Ekspertlər hesab edirlər ki, “Burevestnik” Putinin imicini gücləndirmək üçün istifadə etdiyi praktik silahdan daha çox siyasi alət ola bilər.
//Samir Qurbanov, Editor.az

