ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 101 yaşında vəfat edib.
Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Kissincer 2023-cü il noyabrın 30-da Konnektikutdakı evində vəfat edib.
Siyasətçinin dəfn yeri və tarixi hələlik açıqlanmayıb. Dövlət Departamentinin keçmiş rəhbərinin ölümü ilə bağlı məlumatı Henri Kissincerin təsis etdiyi “Kissinger Associates konsaltinq” şirkəti də “The Washington Post”a (WP) təsdiqləyib. Cənab Kissincer prezidentlər Riçard Nikson və Cerald Fordun dövründə ABŞ dövlət katibi vəzifəsində çalışıb. Amerikanın “çevik cavab” doktrinasının müəlliflərindən biri olan Henri Kissincer Soyuq Müharibə dövründə Qərblə Şərq arasında detente və nüvə silahlarına nəzarətin yaradılmasını müdafiə edib.
Böyük ölçüdə onun səyləri sayəsində Sovet-Amerika Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsi (SALT-1) (1972) və Anti-Ballistik Raket Müqaviləsi (1972; ABŞ 2002-ci ildə müqavilədən çıxdı) imzalanıb. O, Qərbi Berlin üzrə dördtərəfli sazişin (1971), hərbi əməliyyatların dayandırılması və Vyetnamda sülhün bərpası haqqında Paris sazişlərinin (1973) bağlanmasına mühüm töhfə verib və buna görə Nobel Sülh Mükafatına layiq görülüb.
//Samir Qurbanov, Editor.az

