“Rusiyanın Ukraynada yürütdüyü işğalçılıq siyasəti Amerikanın postsovet məkanında mövcud olan separatçı qurumlara olan münasibətində köklü dəyişikliklər etməsinə səbəb olub. Bu, xüsusən Qarabağ problemində özünü göstərdi. Məsələ ondadır ki, Qərb Rusiyanın 24fevral 2022-ci il Ukrayna işğal planına başladığı vaxta qədər həmişə Qarabağ ermənilərinin hüquqları, xalqların öz müqəddəratını həll etmək hüququnun olması aspektindən bu problemə yanaşırdısa, artıq bu yanaşma Rusiyanın işğalçılıq siyasətinə haqq qazandıra bilər deyə, tamamilə mövqeyini dəyişib”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Donetsk və Luqanskdakı separatçı qurumların Qarabağdakı separatçı qurumdan heç bir fərqi yoxdur:
“Birinin mövqeyinin dəstəklənməsi avtomatik olaraq digərinin də mövqeyini dəstəkləmək hesab olunur. Odur ki, artıq Amerika nəinki Qarabağ ermənilərinə statusdan, xalqların öz müqəddəratını təyin etməsindən, hətta onların Azərbaycanın tərkibində olmasının vacibliyindən danışır. Bu baxımdan, hesab edirəm ki, Amerikanın bu məsələdə mövqeyi səmimi və reallığa tam uyğundur. Amma bunu Rusiya barədə demək olmaz. Rusiyanın bu münaqişədən istədiyi hamıya bəllidir. Bu barədə çox danışılıb. Məqsəd regionda qalmaqla münaqişə tərəflərinə təsir etmək vasitəsini əlində saxlamaq istəyir ki, hər iki dövləti nəzarətdə saxlamaq asan olsun və gələcəkdə yeni işğal planlarına zəmin hazırlasın. Belə durumda problemin həlli edilməsi çıxmaza girir”.
A. Qasımov qeyd edib ki, indiki geosiyasi durumda Qarabağ probleminin həll edilməsi beynəlxalq güclərin qarşıdurması fonunda Azərbaycanın mövqeyindən daha çox asılı olacaq:
“Azərbaycan məsələnin uzanmasını istəmir və tez bir zamanda sona çatmasına çalışır. Ona görə də hesab edirəm ki, yaxın zamanda Qarabağ məsələsinin həllində Azərbaycanın mövqeyi həlledici olacaq. Azərbaycan imkan verməyəcək ki, kimsə onun müstəqilliyi və torpaq bütövlüyü üzərindən oyun oynasın. Ermənistana və Qarabağ ermənilərinə isə son şans verilib. Məsələ sülh yolu ilə həll edilməsə, Azərbaycan ordusu son nöqtəni qoyacaq”.
//Gülnarə Abasova, Editor.az

