Ana sevgisindən faciəyə: bir insan necə qatilə çevrilir?backend

Ana sevgisindən faciəyə: bir insan necə qatilə çevrilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir dövrdə cəmiyyətdə baş verən zorakılıq və qətl hadisələrinin artması sosial-psixoloji mühitin dərin təhlilini zəruri edir. Xüsusilə ailə və təhsil mühitində baş verən faciələr cəmiyyətin mənəvi dayaqları və dəyərlər sistemi ilə bağlı ciddi suallar doğurur. Bu baxımdan, məsələyə yalnız nəticə prizmasından deyil, onu formalaşdıran səbəblər və risk faktorları kontekstində yanaşmaq olduqca vacibdir.

Mövzu ilə bağlı psixoloq Fatimə Bayramova bildirib ki, nəzəri olaraq hər bir insan müəyyən şəraitdə cinayət törədə bilər və heç kim gələcək davranışlarına tam təminat verə bilməz:

“Bu gün bizə anormal görünən hadisələrin müəyyən şərtlər daxilində fərdin öz davranışına çevrilməsi istisna deyil. Bununla yanaşı, cinayətlərin yaranma səbəbləri fərdlər arasında ciddi şəkildə fərqlənir. Yetkin şəxslərin düşünülmüş şəkildə törətdiyi cinayətlər yeniyetmələrin impulsiv davranışları ilə eyniləşdirilə bilməz. Yalnız nəticəyə fokuslanaraq prosesin yaranma səbəblərini nəzərdən qaçırmaq düzgün yanaşma deyil.

Yetkin fərdlərdə cinayətə səbəb olan amillər sırasında sosial-iqtisadi çətinliklər, münaqişələr, işsizlik, şəxsi qürurun zədələnməsi, zərərli vərdişlər və digər faktorlar yer alır. Bu kimi hallar bəzən ani mübahisələrin faciə ilə nəticələnməsinə gətirib çıxarır.

Yeniyetmələrdə isə vəziyyət fərqlidir. Onlarda emosiyaların idarə olunmaması, müxtəlif oyun və sosial təsirlər, diqqət cəlb etmək istəyi, yaxud kino və mediada gördüklərini təqlid etmə meyli istənilməyən nəticələrə səbəb ola bilər. Bundan əlavə, planlı və məqsədli cinayət törədən şəxslərdə düzgün formalaşmayan tərbiyə, qeyri-sabit şəxsiyyət strukturu və psixoloji pozuntular da mühüm rol oynayır”.

Psixoloqun sözlərinə görə, davamlı münaqişə, zorakılıq, sevgisizlik, uşağın alçaldılması, təhqir olunması və qorxu mühitində böyüməsi onun psixoloji inkişafına ciddi mənfi təsir göstərir:

“Belə hallarda uşaq zamanla aqressiyanı normal davranış modeli kimi qəbul edə bilər. Cəmiyyətdə tez-tez səslənən “atası da belə idi” kimi yanaşmalar əslində problemin kökündə dayanan yanlış tərbiyə modelinə işarə edir. Bu düşüncə isə gələcəkdə daha ağır nəticələrin yaranmasına zəmin yaradır.

Uşağın inkişafında ailə mühiti əsas rol oynayır. Çünki ilkin sosial davranış və dəyərlər məhz burada formalaşır. Əgər uşaq ailədə alçaldılmır, təhqirə məruz qalmırsa, məktəb mühitində qarşılaşdığı mənfi halları da normal qəbul etməz. Lakin həm ailədə, həm də məktəbdə təzyiqə məruz qalan uşaqlarda passiv aqressiya formalaşması qaçılmazdır.

Vaxtında göstərilən sevgi, psixoloji dəstək, sağlam ailə münasibətləri, düzgün sərhədlər və məktəbin dəstəyi sayəsində belə uşaqların sağlam və balanslı şəxsiyyət kimi formalaşması mümkündür. Əsas məsələ erkən mərhələdə risk siqnallarını düzgün qiymətləndirmək və problemi görməzlikdən gəlmədən vaxtında müdaxilə etməkdir”.

//Gülnarə Abasova, Editor.az