Anons verildi: Bu meyvə-tərəvəzlər ucuzlaşacaqbackend

Anons verildi: Bu meyvə-tərəvəzlər ucuzlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq yay mövsümü sona çatır. Müxtəlif meyvə və tərəvəzlərin qiymətində dəyişikliklər gözə çarpır. Daha çox pomidorun qiymətində dəyişiklik, ucuzlaşma gözlənilirdi. Ancaq yağıntılı hava şəraiti buna mane oldu. İnanıram ki, qarşıdakı həftələr ərzində pomidorun qiymətində ucuzlaşma müşahidə ediləcək. Təxminən 70-80 qəpik ucuzlaşma gözləniləndir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib. O, başqa hansı məhsulların qiymətində dəyişiklik olacağını da açıqlayıb:

“Qarpız da qiyməti enən kənd təsərrüfatı malları arasında yer alır. Bölgələrdə daha ucuz qiymətə, 20 qəpiyə təklif olunsa da, Bakıda kiloqramı 30-40 qəpik arasında dəyişir. Bölgələrdə məhsulların ucuz olmasının səbəbi fermerlərin Bakı bazarlarına daxil olmaq imkanlarının məhdudluğudur. Bu səbəbdən rayonlardan gətirilən bütün məhsullarda xeyli bahalaşma müşahidə olunur. Məsələn, yemişin kiloqramı bölgələrdə 40-50 qəpik arası satılırsa, Bakıda 80 qəpiklə 1 manat 20 qəpik olaraq dəyişir. Digər bostan məhsullarının da qiymətində enmə mövcuddur. Ancaq ötən ilki ucuzlaşma hazırda yoxdur. Çünki bu il qiymətlər kifayət qədər bahalaşıb. Ən azı 20 faizə qədər bahalaşan məhsullar mövcuddur. Belə bir vəziyyətdə kənd təsərrüfatı məhsullarının bir qədər baha qiymətə təklif edilməsi təbii haldır”. onlayn aptek

İqtisadçı bu il yay mövsümünün fermerlər üçün olduqca əlverişsiz keçdiyini qeyd edib:

“Meyvələr də yavaş-yavaş ucuzlaşmağa başlayıb. Əncir mövsümü olduğu üçün bu məhsulun qiyməti 1-2 manat arası dəyişir. Hesab edirəm ki, qarşıdakı aylarda yığımı kütləviləşdikcə almanın qiyməti də ucuzlaşacaq. Hələ ki, yay alması bazarda var və kiloqramı 1-1,5 manat arası satışa çıxarılır. Lakin mövsüm kütləviləşdikcə 1 manat yaxud 80 qəpiyə qədər ucuzlaşmanın şahidi olacağıq.

Bu il hava şəraitinin əlverişsiz keçməsi səbəbindən də məhsuldarlıq zəif oldu. Üstəlik yağıntılı hava məhsulların yığımı və tədarükünə əngəllər törətdi. Qış fəsli yaxşı keçsə də, yaz-yay mövsümü kənd təsərrüfatı istehsalı üçün əlverişsiz oldu”.