“Antiterror əməliyyatının başlanacağı artıq bütün siyasi dairələr tərəfindən proqnozlaşdırılırdı. Çünki Azərbaycan torpaqlarında ilişib qalmış qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlılarına arxayınlaşaraq Azərbaycan dövləti və Prezidentinin dəfələrlə edilmiş xəbərdarlıqlarına baxmayaraq davamlı təxribatlar törədirdilər. Son təxribat- Azərbaycan ordusunun əsgərinin separatçı qüvvələr tərəfindən qətl edilməsi səbr kasamızı dolduran son damla oldu. Onların bu vəhşiliyi cavabsız qala bilməzdi. Qisası alınmayan hər tökülən qan daha ciddi nəticələrə gətirib çıxaracaqdı. Azərbaycan ermənilərin bu özbaşnalığına son qoymalı və Rusiya sülhməramlılarına da öz yerlərini göstərməli idi. Ordumuz 44 günlük müharibədən sonra erməni silahlı birləşmələrinə növbəti ciddi zərbəsini vurdu, Üçtərəfli Bəyanatda öhdələrinə düşən vəzifəni yerinə yetirməyə məcbur ediləcəkləri erməni qaniçənlərə bir daha xatırladıldı”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov söyləyib.

Politoloq bildirib ki, Azərbaycan həm Ermənistan, həm də onun Rusiyadakı havadarlarına növbəti xəbərdarlığını etdi:
” Rusiyada artıq başa düşməlidir ki, sülhməramlı qüvvələr belə Azərbaycanı qarşısına qoyduğu məqsədlərə çatmasında maneə yarada bilməyəcəklər. Biz onlara eyni zamanda xəbərdarlıq etdik ki, rus sülhməramlılarının müddətinin artırılması haqqında düşünməyə bilərlər. Onlar ilk beş ili başa vurmaq haqqında düşünsələr daha yaxşı olar. Azərbaycanın antiterror əməliyyatını davam etdirməsinə gəlincə, əlbəttə bu prosesin “Qisas” əməliyyatı ilə başa çatmayacağı birmənalıdır. Azərbaycan torpağında qalan erməni silahlı birləşmələri son nəfərə qədər oradan çıxarılmayınca və orada yaşayan ermənilər Azərbaycan Respublikası vətəndaşlığını qəbul etməyənə qədər bu proses davam edəcək. Amma bu prosesin Azərbaycanla Ermənistan arasında iri həcmli müharibəyə çevrilmə ehtimalı yoxdur. Rusiya da orada gedən proseslərə indiki halda fəal müdaxilə etmək imkanı xaricindədir. Azərbaycan isə erməni silahlılarının kökünü kəsdikdən sonra qarşıda duran digər önəmli layihələrin həyata keçirilməsini hədəfləyir”.
//Gülnarə Abasova, Editor.az

