“Antiterror tədbirindən başqa yol yox idi”-Millət vəkilindən ŞƏRHbackend

“Antiterror tədbirindən başqa yol yox idi”-Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirlərinə start verməsi gözlənilən idi. Çünki separatçılar bizə başqa çıxış yolu buraxmadı. Son 3 ildə – 44 günlük müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan xəbərdar etmişdi. 10 noyabr üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyi xatırlatmışdı. Sülhməramlıların bölgəyə gəlişi ilə qanunsuz silahlı birləşmələr paralel çıxmalı idi. Amma nəinki qanunsuz silhalılar Azərbaycan ərazisindən çıxmadı, əksinə gərginliyin artmasına səbəb olan təxribatları daha da intensivləşdirdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimizin minalanması davam etdirilir, döyüş mövqeləri mühəndis cəhətdən təkmilləşdirilir, eləcə də səngər və sığınacaqların sayı artırılırdı:

“Bu, azmış kimi bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Son damla isə ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması, mülki şəxslərin və hərbi qulluqçuların həlak olması oldu.

Beləliklə, hər ötən gün aydın olurdu ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan Prezidenti dəfələrlə Qarabağın yerli erməni icması ilə dialoq təklifi etsə də, separatçı rejim buna mane oldu. Halbuki, Bakıdan gələn bütün təkliflər sülhü və təhlükəsziliyi təmin etməyə imkan verirdi. Amma Ermənistan sülhdən yayınaraq pozucu qüvvələrin təsiri altında destruktiv mövqeyindən əl çəkmədi. Bu da nəticə – lokal xarakterli antiterror tədbirləri. Azərbaycanın mövqeyi və məqsədi aydındır – üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılmasına nail olmaq. Eyni zamanda separatçıların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması da əsas məqsədlərdən biridir. Heç kim bu məsələdə bizim işlərimizə müdaxilə edə bilməz. Hədəfimiz aydındır. Azərbaycan bu lokal tədbirlər çərçivəsində də humanist yanaşma sərgiləyir – mülki infrastruktur bizim hədəfimizdə deyil. Hətta Azərbaycan tərəfi erməni əsilli əhaliyə təhlükəsizliklə bağlı müraciət də etdi. Yəni, bizim məqəsədimiz yalnız və yalnız separatçıları zərərsizləşdirməkdən ibarətdir. Prezident Administrasiyasının bəyanatında dialoq təklifi ilə yanaşı, şərtlər də yer alıb – ağ bayraq qaldırıb silahı təhvil vermək. İndiki reallıqda bundan başqa yol yoxdur”.

//Gülnarə Abasova, Editor.az