“Brüssel görüşlərindən daha çox Vaşinqtonda keçirilən görüşlər zamanı sərhəd reaksiyalarının daha sərt baş verdiyinin şahidiyik. Deməli, Rusiya bu məsələdən kənara çəkilməyə cəhdin belə ediləcəyi təqdirdə hansı addımlar ata biləcəyinin siqnalını verir. Burada isə söhbətin sadəcə sərhəd atışmalarından getdiyini deyil, mütləq şəkildə daxildə gedən proseslərin xarici siyasətdə atılan addımlarla üzvi surətdə bağlı olduğunu vurğulamalıyıq. Qəti olaraq biri digərindən sözün aydın dərk edilən mənasında ayrı idarə olunmur. Bu amili isə sadəcə Rusiya üzərindən vurğulamıram”.
Bu fikirləri Editor.az-a politoloq Şəbnəm Həsənova Azərbaycan və Ermənistan XİN arasında Vaşinqtonda keçirilən görüşün ardından ABŞ Dövlət Katibi Antoni Blinkenin verdiyi açıqlamada səsləndirdiyi “Yekun razılığa gəlmək üçün danışıqlar davam edəcək. Qarşıdakı həftələr və aylar ərzində ümumi və yekun razılığa gəlinməsi nəzərdə tutulub”-fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, prosesə kompleks şəkildə və bunun içində də Azərbaycanın maraqlarını təmin etmək istiqamətində qətiyyəti baxımından baxarkən ilk öncə Fransaya toxunsaq bu dövləti prosesdən qəti olaraq kənarda tutmağımız onu hiddətləndirir: ” Fransa Prezidenti Emmanuel Makronun erməni icması ilə görüşdə səsləndirdiyi fikirlər, Azərbaycanın dövlət televiziyasının əməkdaşlarına edilən hücum buna aydın sübutdur. Bu məqamda isə cənub qonşumuzu da unutmamalı olduğumuz reallıq özünü büruzə verir və nəticə etibarilə bu şəraitdə Rusiya, Fransa və İran praqmatik və strateji mülahizələrə əsaslanaraq, bəlkə də heç vaxt olmadığı qədər daha çox məhz bu məsələdə sıx əlaqələrə doğru irəliləyirlər. Məsələn, indiki “strateji müttəfiqliyin” katalizatorları Rusiyanın xarici valyutaya ehtiyacı, Zəngəzur dəhlizinin açılacağı zaman Mərkəzi Asiyadakı dövlətlərlə dost, qonşuluq əlaqələrinin yenə də saxlanılması, Rusiyanın İran silahlarına, yeni texnologiyalara və bəlkə də daha önəmlisi, həm regional, həm də beynəlxalq səviyyədə siyasi dəstək üçün bir-birinə arxalanması, Fransanın isə regionu əldən verməməsi, Türkiyə-Azərbaycana uduzmaması, məsələnin isə böyük mənada sadəcə yeraltı və yerüstü sərvətlərdən getməyib, sülhün ya da ən kiçik belə razılaşmanın əldə olunacağı təqdirdə iqtisadi və siyasi dividentlərdən, bölgədə baş verəcək iqtisadi canlanmadan kənarda qalmaq istəməməsidir. Xüsusilə Avropanın artan enerji təminatı məsələsi də olmaqla İranla Rusiyanın neft və qazın işlənməsində ümumi təhlükəsizlik narahatlıqları və iqtisadi maraqlarını da nəzərə almalıyıq”.
Politoloqun fikrincə, Fransa-Rusiya əlaqələrinin gizli müqaviləyə qədər inkişaf etdiyi siyasi və hərbi faktlar da tarixdə az deyil: “Bu məsələ çox yaxın keçmişdə Rusiya-Ukrayna müharibəsində də deşifrə edildi. Bir sözlə, sülh müqaviləsinin imzalanmasını biz nə qədər ikitərəfli, maksimum üçtərəfli ölçüyə gətirmək istəsək də buna aman verilmir. Bizim xeyrimizə olan əsas məsələ isə bu işdə Türkiyənin heç zaman olmadığı qədər dominant söz sahibi olmasının bərkiməsi, Rusiya-Türkiyə münasibətləridir. Rusiya-Türkiyə birgə monitorinq mərkəzi, türk işadamlarının Qarabağda iqtisadi layihələrdə dominant iştirakı, eyni zamanda aktiv xarici investorların cəlb olunması önəmli məsələlərdir. Paşinyanın Qurban Bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğana zəngi detalını gözdən qaçırmaq qəti olmaz. Ermənistanın indiki hakimiyyətini həm də məhz Türkiyə vasitəsilə sülhə daha da yaxınlaşdırmalı, ya da bundan uzaqlaşmağa qoymamaq istiqamətində səylər davam etdirilməlidir”.
Şəbnəm Həsənova vurğulayır ki, Erməni silahlı birləşmələrinin çıxarılması məsələsi məhz Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatda nəzərdə tutulub: “Bu qanunsuz silahlı birləşmələr çıxarılmayınca sülhdən söhbət açmaq ən azından utopik olar. Bu məsələ isə xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşündə müzakirə olundu. Deməli, ənənəvi o soyuq cərəyanın sındırılmasına, ya da daha yumşaq ifadə etsək üzü okeanın o tayına doğru isidilməsinə çalışılır. ABŞ bütün mühərriklərini işlək vəziyyətdə saxlayır ki, Rusiyanı indi də bizim bölgədə zəiflətsin. Sual olunur ki, digər aktorlar buna nə dərəcədə və hansı həddə qədər razıdırlar? Burada söhbət Fransa, İran, Türkiyə hətta sülh müqaviləsinin tərəfləri olan Ermənistan və Azərbaycandan da gedir. Zaman və məkan reallıqları aydın göstərir. Yəni, bir tərəfdən İran və Rusiya ilə çoxəsrlik qarşılıqlı iqtisadi əlaqələrin birdən qırılmasının mümkün olmayacağı qədər, real da deyilsə, həm də biz eyni regionda yerləşən dövlətlər və xalqlarıq. Konkret olaraq sülh müqaviləsinə gəldikdə, düşünürəm ki, Rusiya-Türkiyə ilə münasibətlərin yaxınlığı, ayrılıqda isə Azərbaycanın bu iki dövlətlə əlaqələri zəminində bu məsələlərin həlli daha real və az itkilidir. Hər halda fərz edilən müsbət ehtimallar deyil, reallıq bunu deyir. Yəni, əvvəl bu günü yola salandan sonra gələcək haqqında düşünməyi bizə heç nə yox, şərtlər diktə edir. Öhdəliyin icra olunmayacağı təqdirdə isə 2025-ci ildə sülhməramlının vaxtı bitən kimi onları yola salmaq birinci iş olmalıdır. Şans tanıdıq, alımadısa, deməli, yol da göründü. Olduqca incə siyasət yürüdülməsini tələb edən dönəmdir. Hər bir halda sabitlik indiki məqamda bütün regionun maraqlarına cavab verir. Məhz bu amil vəziyyətin geriyə çəkilməsinin qarşısını aldığı qədər, önə aparılmasının zərurəti və tək alternativi olması baxımından ən birinci faktordur “.
//Safura Bənnayeva, Editor.az

