Aparıcının aktivindəki rəhmətliklər – görək, tilsim qırılacaqmı?backend

Aparıcının aktivindəki rəhmətliklər – görək, tilsim qırılacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Sağ-salamat ikən, Hacı Nuranla çəkdirdiyi şəkil üzündən İbrahim müəllimə başsağlığı verənlərə onun verdiyi cavabı oxudum, çox məmnun oldum. Bir azca da, düzü, şaşırdım.

Nədənini yazıram. Mən İbrahim Cəfərovu, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfəovu çoxdan tanıyıram və onun əslində həmin adamlara cavab olaraq, “Allah başsağlığı verənlərin hamısının ölənlərinə rəhmət eləsin” yazacağını gözləmirdim, deyirdim, yəqin müəllim sərt cavab verər.

Yuxarıda “Cəfərovu çoxdan tanıyıram” yazdım, elə biləcəksiniz, yəqin 20-30 ildir. Amma yox, mən onu 1982-ci ilin sentyabrından tanıyıram – 4 aydan sonra 40 il olacaq.

O vaxt biz eyni institutun, tələbələrin zarafatla “Azxi məktəbi” adlandırdığı ali məktəbin eyni fakültəsində oxuyurduq. Biz 1-ci kursda oxuyanda İbrahim müəllimgil 3-cü kursdaydılar. Onlar olimpiada ilinin (1980) qəbuluydular və arada bununla fəxr edirdilər. O üzdən İbrahim müəllim tələbə yoldaşım sayılır.

O zamanlar İbrahim Cəfərov çox fəal idi, fakültəmizin komsomol katibiydi, bütün institutda tanınan gənc idi. Əslində o, elə o vaxtlarda da hamımızın gözünə yaşlı görünürdü. Bütün iclaslarda odlu-alovlu, uzun çəkən çıxışlar edirdi. Təsəvvür edin, 3-cü kurs tələbəsi imtahan götürülən auditoriyaya girir, müəllim ayağa qalxıb, “İbrahim müəllim, buyurun, gəlin, oturun” deyə ona öz yanında stul göstərir. Bunu dekan müavinimiz Sarif müəllim bir dəfə İbrahim Cəfərova münasibətdə etdi və bu epizod yaddaşıma həkk oldu.

O vaxt çox ciddiydi İbrahim müəllim. Hələm-hələm zarafatlaşmaz, deyib-gülməzdi. Hələ 3-cü kursdaykən hamımız bilirdik ki, o, institutda müəllim qalacaq.

İbrahim müəllimgilin tələbə yoldaşları da çox savadlı, ciddi gənclər idi. Bir dəfə onların mənə böyük yaxşılıqları keçdi. 3-cü kursda oxuyanda pambıq toplanışında zəif iştirak etmişdim və bu azmış kimi, bəzi müəllimlərlə dilləşmişdim. Adımı qara siyahıya salmışdılar, institutdan qovulmağa 1 nömrəli namizəd idim. Qış sessiyasında fitopatologiya fənnindən kurs işi yazası olanda Sarif müəllim mənə “Göbələklərdə mutasiya dəyişkənliyi” adlı mövzu verdi və təntənə ilə elan etdi ki, göyə çıxsan da, bunu yaza bilməyəcəksən.

Tərs kimi, həmin vaxt xəstəxanaya düşdüm, appendisit əməliyyatı keçirdim. 4-cü kursdan qohumum Xanoğlan müəllim (o da fakültənin tələbə-müəllimlərindən idi) soraqlaşdı, elmi-tədqiqat institutundan bir rus alim tapdı, o, 25 manat qarşılığında göbələklərdəki mutasiya dəyişikliyinin nədən ibarət olduğunu xırdaladı.

Amma kurs işi rusca yazılmışdı, özü də olduqca qəliz idi. Mənim rus dili bilgim o işi tərcümə etməyə imkan vermirdi. Sonra Xanoğlan müəllim İbrahim müəllimin dostu Vaqifdən (o, rusca yaxşı bilirdi) xahiş etdi, o və otaq yoldaşları köməkləşərək, təmənnasız şəkildə kurs işini tərcümə etdilər, üzünü köçürdüm, aparıb kafedrada Sarif müəllimə təqdim elədim. Müəllim kurs işini görən kimi dedi: “Bunu sən yazmamısan, bunu yazsa-yazsa, elmi-tədqiqat institunda İvanov (soyad şərtidir) yaza bilərdi”. Düz tapmışdı. O, yazıdakı səhvləri (məsələn, tərcüməçilər “ultra-bənövşəyi” əvəzinə 47 yerdə “ultra-fioletovıy” yazmışdılar) qırmızılayıb özümə qaytardı. Təzədən yazası oldum. Sonra “day-day”lar işə qarışdı, Sarif müəllim mənim gənclik dikbaşlığımı bağışladı.

İndi o günlər yada düşəndə adam birtəhər olur. İşıqlı günlər idi. Gələcəyə inam vardı. Hər kəs hesab edirdi ki, gələcəkdə böyük adam olacaq. Ancaq hamımız məhz İbrahim müəllimin böyük vəzifə adamı olacağına əmin idik. Hətta deyənlər vardı ki, İbrahim müəllim partiya işinə keçsə, mərkəzi komitəyə qədər gedəcək. Göründüyü kimi, onunla bağlı proqnoz qismən doğrulub, tələbə yoldaşımız MK katibi ola bilməsə də, rektor olub, bir də ola bilər, gələcəkdə akademik olacaq.

Ona görə də bu gün FB-də “Allah İbrahim Cəfərova rəhmət eləsin!” sözlərini oxuyanda bir anlıq şaşırdım və sonra anladım ki, bu, Hacı Nurana görədir. Onun adı “başyeyən” kimi çıxıb axı. Allah tərəfi, aparıcının aktivində 50-dən artıq rəhmətlik var, yaxşı aparıcıdır, yanında duranı aparıb dəryazlı məxluqa təhvil verir. Bildiyiniz kimi, bəy axırıncı dəfə Jirinovskini yola salıb.

Ümid edirəm ki, onun mistik qüvvəsinin İbrahim müəllimə gücü çatmaz. Heç nə, müəllim 3 saat dayanmadan danışsa (o, bunu yaxşı bacarır), Nuranın mələk dostu çəkilib gedəcək.