“Aprel döyüşləri 44 günlük tarixi qələbənin müjdəçisi idi” – Fərid Şahbazlıbackend

“Aprel döyüşləri 44 günlük tarixi qələbənin müjdəçisi idi” – Fərid Şahbazlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aprel döyüşləri Azərbaycanın müasir hərbi-siyasi tarixində dönüş nöqtəsi olmaqla yanaşı, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbənin müjdəçisi kimi də xüsusi əhəmiyyət daşıyır.

Bu döyüşlər illərlə davam edən işğalın sonsuz olmadığını göstərərək gələcək böyük zəfərin ilkin siqnalına çevrildi. Azərbaycan Ordusunun nümayiş etdirdiyi peşəkarlıq və qətiyyət cəmiyyətə inam verdi, düşmənə isə status-kvonun artıq davam edə bilməyəcəyini açıq şəkildə göstərdi”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan yalnız diplomatik müstəvidə deyil, hərbi sahədə də öz suveren hüquqlarını təmin etmək gücünə malikdir. Məhz bu mərhələ 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ideoloji və strateji əsaslarını formalaşdırdı”.

Birlik sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın əsrlər boyu yaddaşında qalacaq möhtəşəm zəfər salnaməsinə çevrildi: “İşğaldan azad olunan hər qarış torpaq Azərbaycan xalqında misilsiz qürur hissi yaratdı, illərlə davam edən həsrəti sevinc və fəxarətlə əvəz etdi. Bu zəfər yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda milli qürurun, ləyaqətin və ədalətin bərpası idi.

Bu tarixi nailiyyətlərin arxasında qətiyyətli siyasi iradə və uzaqgörən strategiya dayanırdı. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı, dövlət-xalq birliyi ən yüksək səviyyədə özünü göstərdi. Prezidentin prinsipial mövqeyi, ardıcıl siyasəti və güclü liderliyi Azərbaycanı qələbəyə aparan əsas amillərdən biri oldu”.

Fərid Şahbazlı bildirib ki, nəticə etibarilə, Aprel döyüşlərindən başlayan yol 44 günlük Vətən müharibəsində parlaq Zəfərlə tamamlandı və Azərbaycan öz tarixi ədalətini bərpa edərək yeni bir inkişaf mərhələsinə qədəm qoydu.

Fərid Şahbazli 

Siyasi şərhçi