“Azərbaycan rus “sülhməramlılar”ının müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə öz suveren hüquqlarını bərpa etməyə çalışır. Bu məqsədlə də daha mötədil metod kimi, “yumşaq güc” taktikasından istifadə olunur. Bu, tamamilə doğru yoldur və gözlənilən effekti artıq verməyə başlayıb”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.
Onun sözlərinə görə, Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki revanşistlər və separatçı-terrorçular rəsmi Bakını beynəlxalq təzyiqlər vasitəsilə geri çəkilməyə məcbur edə biləcəklərinə ümid bəsləyirdilər:
“Ancaq onların bu ümidləri də özünü doğrultmadı. Rəsmi Bakı qətiyyətli mövqe tutur və Azərbaycanın suveren hüquqlarını bərpa etməkdə israrlı olduğunu biruzə verir.
Məsələ ondadır ki, rəsmi Bakı Laçın yoluna tam nəzarət etməyin vaxtı çatdığı qənaətinə gəlib. Çünki artıq hər kəsə aydındır ki, bu yola nəzarət etmədən Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatizmini və terrorizmini aradan qaldırmaq mümkün olmayacaq. Ona görə də rəsmi Bakı haqlı olaraq bu məsələdə qətiyyətli və prinsipial davranır. Təbii ki, Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular da artıq anlayırlar ki, Azərbaycan Laçın yoluna nəzarət edərsə, orada uzun müddət tab gətirə bilməzlər. Çünki erməni terrorçular bu yol üzərindən silah-sursat və digər təchizat ala bilməyəcəklər. Ona görə də vəziyyəti gərginləşdirmək, toqquşma yaratmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar”.
Politoloqun fikrincə, son vaxtlar cinayətkar Araik-Vardanyan cütlüyü mövcud vəziyyətdən çıxmaq üçün daha çox mitinqlər keçirtməyə çalışır:
“Halbuki, bütün bu cəhdlərin nəticə verəcəyinə yəqin ki, heç özləri də artıq inanmırlar. Üstəlik Laçın yoluna nəzarət ciddiləşdikcə cinayətkar Araik-Vardanyan cütlüyü olduqca ciddi problemlərlə də üzləşir. Bir tərəfdən Azərbaycanın təbii sərvətlərini talan eləmək imkanları məhdudlaşır. Digər tərəfdən isə Xankəndi və ətraf bölgədə yaşayan erməni əhalisi arasında Araik-Vardanyan cütlüyünə qarşı narazılıq güclənməyə başlayır. Onlar əhalini zorla mitinqlərə çıxmağa məcbur etsələr də əslində, ermənilərin mütləq əksəriyyəti onlara etiraz etməyə başlayıb. Son məlumatlara görə, Araik-Vardanyan cütlüyünün terrorçu dəstələri etiraz edən erməniləri döyürlər, onlara işgəncə verirlər. Halbuki erməni terrorçuların bu qəddarlığı sakinlərin narazılığını daha da artırır. Təbii ki, Rusiya da Cənubi Qafqazda gərginliyin olmasında birbaşa maraqlıdır. Ancaq Kreml Rusiyanın Ukraynada “savaş bataqlığı”na düşdüyünü də nəzərə almaq məcburiyyətindədir. Belə vəziyyətdə Cənubi Qafqazda Rusiyanın mövqeyini qorumağa çalışan Kreml gərginliyi artırmağa çalışsa da, Azərbaycan-Türkiyə İttifaqı ilə birbaşa qarşıdurmadan da çəkinir. Hətta Rusiya son vaxtlar Azərbaycan-Türkiyə İttifaqından asılı vəziyyətə də düşməyə başlayıb. Yəni, istənilən halda, Kreml rəsmi Bakının erməni separatizmini sona çatdırmaq barədə tələblərini yerinə yetirməli olacaq. Rəsmi Bakı hazırda Kremldən Rusiyanın “təxribat emissarı”, erməni fırıldaqçı Ruben Vardanyanın Xankəndi və ətraf bölgədən çıxarılmasını tələb edir. Azərbaycan Rusiyaya R.Vardanyan ilə bağlı iki dəfə açıq xəbərdarlıq edib. Yəqin ki, üçüncü xəbərdarlıq olmayacaq və Azərbaycan özü hərəkətə keçəcək, R.Vardanyanı həbs edəcək. Ona görə də, rahat həyata vərdişli R.Vardanyan yəqin ki, Xankəndi və ətraf bölgədən qaçmaq məcburiyyətində qalacaq”.
Son olaraq E. Xalidbəyli qeyd edib ki, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsi üzərində suveren hüquqlarının bərpası istiqamətində növbəti, həlledici mərhələyə start verib. Laçın yoluna nəzarət edilməsi bu məsələnin həllini sürətləndirəcək. Rusiyanın isə buna əngəl törədə biləcəyi hazırda qətiyyən inandırıcı görünmür.
//Safura Bənnayeva, Editor.az

