Ararat Mirzoyan Sergey Lavrovla danışıqları “konstruktiv” adlandırdıbackend

Ararat Mirzoyan Sergey Lavrovla danışıqları “konstruktiv” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla danışıqların konstruktiv şəkildə aparıldığını bildirib.

Erməni nazir vurğulayıb ki, İrəvan Moskva ilə müttəfiqlik münasibətlərinin formatını dəyişməyi planlaşdırmır. Bununla belə, onun fikrincə, əvvəlki qarşılıqlı təsir mexanizmləri “həmişə tam həcmdə işləmir”: “Biz Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərimizi yenidən formatlamağa hazırlaşırıq? Mən çox açıq şəkildə demək istəyirəm: yox. Bizim öhdəliklərimiz və hüquqlarımız açıq şəkildə kağız üzərində yazılıb, imzalanıb, ratifikasiya olunub və heç kim onları ləğv etməyib. Eyni zamanda, Ermənistanda mexanizmlərin həmişə tam işləmədiyinə dair narahatlıq var, lakin bu, tamam başqa məsələdir”, – deyə nazir mətbuat konfransında bildirib.

O qeyd edib ki, Rusiya və Ermənistanı “güclü tərəfdaşlıq əlaqələri”, iqtisadi əməkdaşlıq və “yaxın mədəni əlaqələr” birləşdirir. Eyni zamanda, o, ölkələr arasında münasibətlərdə problemlərin olduğunu etiraf edib.

“Ermənistanda fərqli qəbul edilən məsələlər var, Rusiyada fərqli qəbul edilən məsələlər var… Bizim iki seçimimiz var: fikir ayrılıqlarına arxalanaraq münasibətlərin gələcək inkişafını daha mənfi istiqamətə yönəltmək, ya da ümumi maraqlara arxalanmaq”, – Ermənistan XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Sergey Lavrov mayın 20-də Ermənistana işgüzar səfərə gəlib. Bu gün o, Ararat Mirzoyanla danışıqlar aparıb. Cənab Lavrovun daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.

//Samir Qurbanov, Editor.az