“Dünyanın heç bir yerində “mühasirə”nin oturaq aksiya yolu ilə aradan qaldırıldığının şahidi olmamışıq. Arayik Artunyanın təhdidlərini güc strukturlarımız nəzərə almalıdır”.
Bu fikirləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev baş separatçı Araik Artyunyanın ermənilərə müraciətində ənənəvi ritorikasından yararlanaraq hədə-qorxu gəlib bir həftə ərzində beynəlxalq müdaxilə olmasa, “artsax” xalqının rəyi nəzərə alınmasa, sərt tədbirlərə əl atacaqları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, istənilən kiçik miqyaslı təxribat belə A.Artunyan və ətrafı üçün çox ağır nəticələrə səbəb olacaq:
“O, bu bəyanatı ilə daha çox Rusiyanı təhdid edir. Arayik belə cəsarətli addım atmasına səbəb bu günə qədər rus komandanlığının separatçı rejimə verdiyi dəstəkdən qaynaqlanır. Bu gün Rusiya və digər havadar ölkələrdən ermənilərə həmin dəstəyin kəsilməsi Arayiki “çığırmağa” vadar edib. Amma belə “çığır-bağırlar” ilə Azərbaycana təsir etmək, onun mövqeyində dəyişikliklərə nail olmaq mümkün deyil. Arayik və ətrafı yolun sonuna gəldiklərini hiss edirlər. Separatçı qurum ləğv edilib, separatçı qüvvələr tərk-silah edilərək buraxıldıqdan sonra Qarabağdakı erməni icması rahat nəfəs ala biləcək”.
//Safura Bənnayeva, Editor.az

