Argentina G20-nin Braziliyada keçirilən sammitinin yekun kommünikesini bloklamaqla hədələyib.
Editor.az bildirir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb. Nəşr qeyd edib ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi indi öz nöqteyi-nəzərini fəal şəkildə təbliğ etmək istəyən başqa ölkələrdəki həmfikirlərinə “cəsarət verib”. Adı açıqlanmayan Braziliya rəsmisi nəşrə bildirib ki, Argentina nümayəndə heyəti tədbiri “köhnə və yeni qüvvələr arasında mübarizəyə” çevirməyi planlaşdırır.
“Vergilərin tutulması ilə bağlı bir illik danışıqlardan və əldə olunan konsensusdan sonra onlar əvvəllər razılaşdıqları yerdə problemlər yaradırlar”, – FT mənbəsi bildirib.
Qəzetin yazdığına görə, Argentina da gender bərabərliyi ilə bağlı kommunikenin dilinə etiraz edib. FT vurğulayır ki, digər məsələlərlə yanaşı, onlar Argentina nümayəndə heyəti ilə iqlim dəyişikliyi ilə mübarizə layihələrinin maliyyələşdirilməsi və Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqelərini razılaşdırmağa çalışırlar.
Qəzetin yazdığına görə, tərəflər bu mövzuların müzakirəsində müəyyən irəliləyiş əldə ediblər. Qeyd olunur ki, Buenos-Ayresdən veto qoyulması təhlükəsi Qərb diplomatları arasında Trampın Amerika prezidenti seçilməsinin “onun mühafizəkar müttəfiqlərini cəsarətləndirəcəyi” və bu kimi məsələlərdə ölkələrin qlobal istiləşmə kimi “iddialı razılaşmalardan” çıxmasına gətirib çıxaracağı ilə bağlı narahatlığı artırıb.
//Samir Qurbanov, Editor.az