Buenos-Ayres məhkəməsi Venesuela prezidenti Nikolas Maduronu insan haqlarını pozduğuna görə beynəlxalq axtarışa vermək qərarına gəlib.
İstintaq sübut edib ki, Venesuelada “repressiya sistemi” mövcuddur – işgəncələr, qətllər və dinc əhaliyə qarşı təqiblər. “Demokratiyanın Müdafiəsi Argentina Forumu” qeyri-hökumət təşkilatı Argentina məhkəməsinə şikayət edib. O, Venesuela prezidentini insanlığa qarşı cinayətlərdə ittiham edib. İstintaq hesab edir ki, ölkədə “işgəncə sistemi” 2014-cü ildən Nikolas Maduro hökuməti tərəfindən təşkil olunub. Sistemin sərtləşdirilməsi bu il iyulun 29-da, Maduro prezident seçkilərində qalib gəldikdən sonra baş verib.
Argentina Kanada, Kolumbiya, Paraqvay, Peru və Çili ilə birlikdə 2018-ci ildə BCM-dən Venesuelada insanlığa qarşı mümkün cinayətləri araşdırmağı xahiş edib. Sorğu ölkədə baş verən etiraz dalğasından sonra göndərilib. Buenos Ayres 2021-ci ildə, Alberto Fernandezin prezident olduğu zaman imzasını geri götürüb. 2024-cü il iyulun sonunda Venesuelada prezident seçkiləri keçirilib. Rəsmi rəqəmlərə görə, hazırkı dövlət başçısı Nikolas Maduro 51,2%, müxalifət namizədi Edmundo Qonzales 44% səs toplayıb. Müxalifət rəsmi nəticələrlə razılaşmayıb. Avropa İttifaqı cənab Maduronu legitim prezident kimi tanımaqdan imtina edib. Ölkə boyu kütləvi etiraz aksiyaları keçirilib. Sentyabrın əvvəlində Argentina hakimiyyəti BCM prokurorunu Nikolas Maduronun həbsinə order vermək üçün Məhkəməyə qədər Palataya müraciət etməyə çağırıb.
//Samir Qurbanov, Editor.az