Armen Qriqoryan təzadlı siyasətçidir: “Onun açıqlamaları bir daha göstərir ki…”-ŞƏRHbackend

Armen Qriqoryan təzadlı siyasətçidir: “Onun açıqlamaları bir daha göstərir ki…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Armen Qriqoryan təzadlı siyasətçidir. Paşinyan hakimiyyətə gəlməzdən öncə onu xarici işlər naziri təyin etmək istəyirdi. Lakin antiRusiya yönümlü siyasətçi olduğundan Moskva buna razılıq vermədi və onu Ermənistan Təhlükəsizlik Şurasının katibi elan etdilər. Ümumiyyətlə çıxışlarında Ermənistan-Azərbaycan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Armen Qriqoryan daim təzadlı, bir-birini təkzib edən açıqlamalar verir. Bu, Ermənistan hakimiyyətinin indiki mövqeyinin təzahürüdür”.

Bu fikirləri Editor.az-a açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanlı deyib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi bir yandan Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasından danışsa da digər yandan qarayaxma kampaniyasını davam etdirir:

“Qriqoryan iddia edir ki, Laçın yolu hələ də açılmayıb. Halbuki bu yol heçvaxt bağlanmayıb. Yaxud Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədən, sərhədlərin müəyyənləşməsi barədə ortada xəritələr olmadığı, demakrasiya və delimitasiya ilə bağlı işçi qrupunun fəaliyyətə başlamadığı halda Qriqoryan 1975-ci ildə  SSRİ  Baş Qərargahının xəritəsi ilə iki ölkə arasında sərhədlərin müəyyənləşdiyini iddia edir. Guya Azərbaycan tərəfinin buna razılıq verdiyini dilə gətirir. Hadisələrin gedişatı Qriqoryanın 2023-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü ehtimalları inkar edir. Çünki Ermənistanın iddiaları fonunda atdığı addımlar bunun reallaşmasına imkan verməyəcək. Qarşı tərəf hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə hərbi dəstələr və qanunsuz silahlı birləşmələr yaradırlar. Bunlar İrəvan hakimiyyəti tərəfindən dəstəklənir.

Azərbaycanla sərhədyanı bölgələrdə  davamlı təxribatlar törədir, kommunikasiya xətlərinin açılmasında problemlər yaradır, Laçın yolunun statusunu Zəngəzur dəhlizi ilə eyniləşdirməyə cəhd edir və Azərbaycanda hansısa erməni əsirlərinin qaldığını iddia edir. Bu tip məntiqsiz  çıxışlar sülh prosesinə mane olan məsələlərdir. Bu və bu kimi müxtəlif faktlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini uzadır. Ona görə də ilin sonuna qədər iki ölkə arasında sülh müqaviləsinin imzalanacağı ehtimalı çox azdır”.

//Gülnarə Abasova, Editor.az