İSTİQAMƏT: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Son zamanlar Azərbaycanda qadın qətlləri və qadınlara qarşı zorakılıq hallarının artması müşahidə olunur. Son olaraq həyat yoldaşı tərəfindən bir qadının başının kəsilməsi faktı bütün cəmiyyəti silkələdi və həyəcan siqnalı oldu.
Qadına qarşı yüksək diqqətin və ehtiramın tarixi bir ənənə olduğu Azərbaycanda son zamanlar artan qadın qətlləri, qadınlara qarşı zorakılıq hallarının səbəbi nədir? Bu zorakılıq faktlarının arxasında hansı sosial, psixoloji səbəblər dayanır?
Editor.az qadınlara qarşı zorakılıq hallarını doğuran səbəblər və ona qarşı mübarizə tədbirlərinin effektivliyini ekspert və dövlət qurumlarının rəsmiləri ilə birgə təhlil etməyə çalışıb.
Məsələ ilə bağlı Editor.az-a danışan “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova bildirib ki, son günlər qadın qətlləri və qadınlara qarşı zorakılıq hallarında xeyli artım var:

“Statistikaya nəzər yetirsək, iyulun son həftəsi və avqustun əvvəllərinə qədər 9-a yaxın qadın yoldaşı, sevgilisi və ya ailə üzvlərinin biri tərəfindən qətlə yetirilib. Bu halların son zamanlar artmasının səbəbi dünyanı bürüyən pandemiya, onun psixoloji təsirləri, pandemiya nəticəsində qapanmalar, insanların sosial vəziyyəti və digər səbəblər ola bilər.
Lakin pandemiyadan əvvəl də qadın qətlləri ilə bağlı statistikada rəqəmlər kifayət qədər yüksək olub. Sonuncu dəfə ictimaiyyətdə geniş müzakirələrə və etirazlara səbəb olan həyat yoldaşı tərəfindən öldürülən 23 yaşlı qızın qətli oldu. Bu hadisə həm də ona görə geniş müzakirələrə səbəb oldu ki, həmin qız zorakılığa məruz qaldıqda müxtəlif dövlət qurumlarına, hüquq mühafizə orqanlarına, sığınacaqlara dəfələrlə müraciət edib. Heç bir cavab ala bilmədikdə isə qadın uşaqlarına görə ona işgəncələr verən əri ilə birgə yaşamağa yenidən davam edib və bu da onun sonu olub. Çox təəssüflər olsun ki, ölkədə zorakılıq qurbanları, eləcə də zorakılığı törədən şəxslərlə sistemli şəkildə məşğul olan struktur yoxdur”.
Günel Səfərovanın sözlərinə görə, adətən cəmiyyətdə məişət zorakılığı haqqında danışılanda mövzunun həssasiyəti dərindən dərk edilmir:
“Məişət zorakılığı məsələsinə bir çox qurumlar tərəfindən etinadsız yanaşılır. Əlbəttə, heç bir dövlət qurumu istəməz ki, hər hansı bir vətəndaş həyatını bu ya digər səbəbdən itirsin. Lakin hərəkətsizlik özü də məsuliyyətsizlikdir. Zorakılıq faktları təcili həlli tələb olunan problemlərdir.
2011- ci ildə qəbul olunan “Məişət zorakılığı” haqqında qanunvericilikdə dəyişiklik olmalıdır. Bu istiqamətdə maarifləndirmə və sosial xidmət sahələri ciddi şəkildə fəaliyyət göstərməlidir. Məişət zorakılığına qarşı vətəndaş cəmiyyəti strukturları, hüquq mühafizə orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə fəaliyyət göstərməli və bu istiqamətdə konkret addımlar atılmalıdır. Mütləq şəkildə “qadını qoruyan” sistem yaradılmalıdır və bu məsələdə kompleks şəkildə iş aparılmalıdır. Çox təəssüflər olsun ki, dövlət qurumları tərəfindən bu istiqamətdə kommunikasiya düzgün qurulmadığı üçün qadın qətlləri və qadınlara qarşı zorakılıq halları getdikcə artır”.
Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, qadın qətlləri və qadına qarşı şiddət hadisələrinin son dövrlər artmasının səbəbi insanlarda aqressiya əlamətlərin çoxalması ilə bağlıdır:

“Son illər pandemiyanın törətdiyi fəsatlar, sosial-psixoloji faktorlar bu məsələnin ən başlıca səbəbləridir. Psixoloji travmalı, stresə qarşı dayanıqsız insanların pandemiya nəticəsində evə qapadılması, “həbsxana” rejiminə adaptasiya ola bilməyən insanlarda şüuraltı travmaların verdiyi xroniki depresiya, daxili-xarici aqresiya ailədaxili problemlərə gətirib çıxardı. Bu səbəbdən pandemiya dövründə psixologiyası pozulmuş insanların birlikdə evə qapadılması məişət zorakılığı hallarının artmasına səbəb oldu”.
Psixoloq qeyd edib ki, valideynlər övladlarının, xüsusilə oğlan uşaqlarının tərbiyəsi ilə məşğul olarkən bir neçə məqamı gözdən qaçırırlar:
“Biz gələcəkdə qadına qarşı zorakılıq törədə biləcək oğlan uşaqlarını daha azad, sərbəst böyüdürük və qadınlara qarşı münasibətdə “mən kişiyəm, mənə hərşey olar” fikrini formalaşdırırıq. Bu çox yanlış düşüncədir və bu düşüncənin verdiyi rahatlıq bu gün qadına qarşı törədilən şiddətin ən başlıca səbəblərindən birinə çevrilib”.
Psixoloqun sözlərinə görə, ictimaiyyətə məlum olmayan davamlı şəkildə ailədaxili şiddətdən əziyyət çəkən milyonlarla qadın var:
“Bu qadınlar həyat yoldaşları, sevgililəri, ailə üzvləri tərəfindən fiziki, psixoloji təzyiqlərə məruz qalsalar da, bunu dili gətirməyə çəkinirlər. Bu böyük fəlakətdir. Əzilmiş qadınların böyütdüyü oğlan övladı gələcəkdə qadını əzən olacaq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Editor.az-a açıqlamasında qeyd edib ki, ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır:

“Ailənin əsaslarını, gələcək nəslin rifahını zəiflədən ailə münaqişələrinin fəsadları illərlə davam etməkdədir. Əksər hallarda zorakılıq qurbanları mövcud hüquq müdafiə imkanlarından yararlanmadan ailənin bütövlüyünü qorumaq, ictimai qınağa məruz qalmamaq üçün öz həyatlarını təhlükəyə atırlar”.
Komitə rəsmisi bildirib ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılmış, çoxsaylı maarifləndirici layihələr həyata keçirilmiş, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilib: “Görülən tədbirlər məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına müraciət etmələrinə imkan yaratmışdır. Dövlət Komitəsi və tabeçiliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il 100-ə yaxın məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də ailələrdə baş verən zorakılıq halları əsasən gizli qalır.
Bir neçə illərin təcrübəsi göstərdi ki, zorakılıq hallarında tərəflərin barışdırılması heç də həmişə müsbət nəticə vermir və bir sıra hallarda cinayətlə nəticələnir. Halbuki barışdırmaqdan öncə ailədə zorakılığın təkrarlanma riskinin qiymətləndirilməsi və hər bir ailəyə fərdi və həssas yanaşma vacibdir”.
Teymur Mərdanoğlu təmsil etdiyi qurumun bu istiqamətdəki fəaliyyətinə toxunaraq bildirib ki, Dövlət Komitəsi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil edir və onları məişət zorakılığı hallarının araşdırılmasının xüsusiyyətləri, o cümlədən tərəflərin barışdırılmasının mümkün şərtləri barədə məlumatlandırır. Eyni zamanda müvafiq dövlət orqanları tərəfindən zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün onlara qanunvericiliyin tələblərinə əsasən mühafizə orderlərinin 24 saat ərzində verilməsini tövsiyə edir.
Dövlət Komitəsinin və beynəlxalq təşkilatların apardığı çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır”.
T. Mərdanoğlu qeyd edib ki, baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir: “2020-ci il 27 noyabr tarixində ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırda bu istiqamətdə təkliflər hazırlanaraq, razılaşdırılması üçün cavabdeh dövlət orqanlarına göndərilib.
3 avqust 2021-ci il tarixində Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilmişdir. Bu hadisə digər məişət zəminində baş vermiş cinayət hadisələri kimi ölkə ictimaiyyətini dərindən sarsıdıb”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


