“Ukrayna ordusunun Kurska girməsi Rusiya üçün gözlənilməz oldu. Ancaq bu, Ukrayna üçün çox uğurlu nəticədir”.
Bu fikri Editor.az-a politoloq Fikrət Sadıxov Ukrayna ordusunun Kurska daxil olması fonunda Rusiyanın hansı addım atacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Rusiya hələ ki, gözləmə mövqeyindədir:
“Bir çox mövqelərində hərbi hissələrdə Kursk istiqamətində müdafiə üçün hazırlıq işləri aparır. Ukraynanın da əsas hədəfi elə bu idi. Kiyevin bu addımları Rusiya qoşunlarını yayındırmaq, mövqelərini tərk edib ordunu bir istiqamətdə cəmləşdirmək, eyni zamanda digər istiqamətdə hücumlarını Rusiya vilayətlərinə gücləndirməyə hesablanıb.
Rusiya isə indi başa düşməlidir ki, Ukraynanı tam işğal etmək artıq mümkün deyil. Bu, Moskva üçün köhnəlmiş hədəf olmalıdır. Çünki ukraynalılar öz mövqelərini kifayət qədər güclü şəkildə müdafiə edir. Ukrayna Rusiyaya sübut edir ki, nəinki müdafiəni gücləndirir, hətta tutduğu hücum taktikası ilə Rusiya ərazisini zəbt edə bilər. Bu isə özlüyündə onu göstərir ki, iki ölkə arasında gec-tez atəşkəs elan olunmalı, artıq danışıqlar başlamalıdır”.
//Gülnarə Abasova, Editor.az