Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkilinin sözlərinə görə, artıq Azərbaycan tranzit əlaqələrinin Ermənistanın iştirakı ilə baş tutacaq layihələrə marağını itirir:
“Bu, hər şeydən əvvəl erməni hakimiyyətinin münasibətlərin bərpasını və iqtisadi kommunikasiya əlaqələrinin reallaşmasını bu qədər uzatması və heç bir vədinə sadiq qalmamasından irəli gəlir. Bu gün Ermənistan regiondakı güc münasibətlərini dəyişməyə, öz mənfəətini artırmağa çalışır. Lakin onun unutduğu bir məqam var ki, hələ 2020-ci ildə razılaşdırılmış 10 noyabr bəyannaməsi mövcuddur. Əgər hər hansı bir razılıq əldə olunacaqsa, bu hər şeydən əvvəl Azərbaycan milli maraqlarını ifadə edəcək. Hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı təklifi rəsmi Bakı 2021-ci ilin fevral ayında Ermənistan tərəfinə göndərib. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bu günə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Bundan sonra bizi gözləyən mərhələ yekun sülhə nail olmaqdır. Ermənistan nə qədər sülhü gecikdirməyə çalışsa bir o qədər özünə zərəri edəcək. Çünki Azərbaycan onu tərəfdaş kimi qəbul etdiyi layihələrdə dəyişikliklər və alternativlər əlavə edə bilər”.
//Gülnarə Abasova, Editor.az

