“Ermənistanın və qondarma rejimin ordumuzun qalibiyyətli həmlələri ilə kapituliyasiya olunmasından sonra Cənubi Qafqazda və ümumiyyətlə, regionda yeni paradiqmalar yarandı, geopolitik balans sürətlə ölkəmizin xeyrinə dəyişdi. Ortaya çıxan yeni hərbi-siyasi-iqtisadi mənzərədə Zəngəzur koridoru önəmli coğrafiya olaraq önə çıxdı”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, bəzi region və regiondan kənar qüvvələr Ermənistan, xüsusilə Zəngəzur koridoru üzərindən Cənubi Qafqazdakı proseslərə təsir göstərməyə, öz maraqlarını təmin etməyə çalışırlar:
“”Zəngəzur koridoru” məsələsinə fərqli, bəzi hallarda məkrli yanaşmaları müşahidə etməkdəyik. İran və Fransa hər vəhclə koridorun açılmasına əngəl törədir. İran rəhbərliyi mütəmadi olaraq Zəngəzur koridorunu özünün qırmızı cizgisi elan etməklə və Qafanda baş konsulluq açmaqlaəslində Cənubi Qafqazda əsas aktor olduğunu göstərməyə çalışır.İranın bu destruktiv mövqeyinin Ermənistana nəinki heç bir xeyri yoxdur, əksinə ciddi zərəri var. İran anlayır ki, Zəngəzur koridoru açılacağı təqdirdə Cənubi Qafqaz Azərbaycanın liderliyində güclü inkişaf mərhələsinə qədəm qoyacaq ki, bu faktor da İran daxil bəzi dövlətlərin işinə yaramır. Bu dövlətlər Ermənistana qeyri-real vədlər verərək, öz maraqları naminə erməni xalqını bataqlığa sürükləməyə çalışırlar. İş o yerə çatıb ki, artıq Ermənistanda dövlətçiliyin belə itirilməsi ilə bağlı həyəcan təbili çalınır. Bir il əvvəl Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan israrla xəbərdarlıq edirdi ki, ölkənin suverenliyi Azərbaycanın tələbləri əsasında sülh müqaviləsini imzalamaqdan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. İranın sözdən o yana getməyən yağlı vədləri, Fransanın guya İrəvana hərbi texnika göndərəcəyi sözü verməsi Ermənistanı xilas etməz, uçurumun kənarına gətirər”.
//Gülnarə Abasova, Editor.az

