Artıq seçkilərə sayılı günlər qalıb: “Hər bir fəsadın yükünü də çalışacaqlar ki, Türkiyə Prezidentinin üzərinə yıxsınlar”backend

Artıq seçkilərə sayılı günlər qalıb: “Hər bir fəsadın yükünü də çalışacaqlar ki, Türkiyə Prezidentinin üzərinə yıxsınlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müxalifətin hücum mövqeyinə keçməsi gözlənilən idi. Çünki istər-istəməz siyasi vəziyyət bunu tələb edir. Hər bir fəsadın yükünü də çalışacaqlar ki, Rəcəb Tayyib Ərdoğan və onun partiyasının üzərinə yıxsınlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, artıq seçkilərə sayılı günlər qalıb:

“Yaxşı olar ki, cənab Ərdoğan da hücum mövqeyində olsun. Onun zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün xalqından bir il vaxt istəməsi bəraət almaq cəhdinə bənzəyir. Əslində bu, təbii fəlakətdir. Müxalifət hakimiyyətdə olsaydı belə bunun qarşısını almaq mümkün olmayacaqdı. Sadəcə müxalifət hazırkı vəziyyətdən sui-istifadə etməyə çalışır. Belə olduğu halda bu siyasi rəqabət “böyüklük” anlamını inkar etmir. Bu şəraitdə hətta Ermənistan da Türkiyəyə dəstək nümayiş etdirir. Gərgin münasibətlərə yüngüllük gətirir. Rəcəb Tayyib Ərdoğan da bildirir ki, biz bu sınağın da öhdəsindən gələcəyik, vəziyyətdən çıxış imkanımız var, tərəfdaşlar bizim ətrafımızdadırlar. Düşünürəm ki, elə bu mövqeni də saxlamaq lazımdır”.

Politoloq qeyd edir ki, həmin tikintilərin arxasında dayanan bürokratiyanı da məsuliyyətə cəlb etmək lazımdır:

“Məsələn, Ərzin şəhərində ərazisi nisbətən kiçik olmasına baxmayaraq heç bir bina çökməyib və oranın bələdiyyəsi də çıxışında qeyd edib ki, biz tikinti rəhbərlərinin qarşısında çox ciddi tələblər qoyduğumuz üçün zəlzələdə binalar zərər görmədi. Son sözü Türkiyədə seçicilər deyəcək. Onlar gərək fəal olsunlar. Partiya rəhbərləri nə qədər son zamanlardakı fəaliyyətləri heç etməyə çalışsalar da, amma bu, reallaşmayacaq. Türkiyə artıq dünyada aparıcı oyunçulardan birinə çevrilib. Bu da Rəcəb Tayyib Ərdoğan və onun partiyasının xidmətinin nəticəsidir. Türkiyə regionda əsas söz sahibidir. Proseslərə vicdanla yanaşdıqda, görülən işlərin heç birini puç etmək düzgün deyil. Bu zəifliyin təzahürüdür. Arzu edirik ki, qardaş ölkə belə dəhşətli sınaqlarla bir daha üzləşməsin”.

//Safura Bənnayeva, Editor.az