Artıq valideynlər şagirdlərini məktəbə göndərməkdən qorxur: “Təhsil Nazirliyi məktəblərə nəzarət etmir”- Kamran Əsədovbackend

Artıq valideynlər şagirdlərini məktəbə göndərməkdən qorxur: “Təhsil Nazirliyi məktəblərə nəzarət etmir”- Kamran Əsədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə 9-cu sinif şagirdləri arasında bıçaqlanma olub. Eyni zamanda, Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəllimi 8-ci sinif şagirdini döyüb. Son günlər ölkə məktəblərində bu tip hadisələrin baş verməsinə tez-tez rast gəlirik. Ən qorxulusu odur ki, son vaxtlar məktəbdə şagirdlər arasında bıçaqlanma və digər cinayət halları çoxalıb.

Mövzu ilə bağlı Editor az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hal-hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır:

” Nəzərə almaq lazımdır ki, bütün şagirdlər eyni psixologiyaya, əxlaq və tərbiyəyə malik deyil. Təhsil öz ətrafında kifayət qədər böyük kontingenti birləşdirir və bu qədər böyük kütlə hər gün prosesin aktiv iştirakçısıdır. Məktəblərdə zaman-zaman xoşagəlməz hallar baş verə bilər. Baş verən hadisələr onu göstərir ki, təhsilin idarəetməsində ciddi problemlər var, məktəblərə nəzarət yox həddindədir, şagird-müəllim münasibətləri pozulub. Bu da bir çox məktəblərdə məktəb direktorlarının məktəbə nəzarət etməməsinin nəticəsidir. Bir çoxunun başı öz şəxsi işlərinə, pul yığmağa qarışdığı üçün məktəblər nəzarətsiz qalıb. Təbii ki, uşaqlar sosial şəbəkələrin təsirindən müəyyən qədər dəcəlliklərə meyl edirlər. Ancaq müəllim pedaqoqdur, heç bir halda şagirdlərin nadincliyinə fiziki zorakılıqla reaksiya bildirə bilməz. Bu, yolverilməz haldır. Hesab edirəm ki, birmənalı şəkildə məktəb müəllimləri 2014-cü ildə qəbul edilmiş “müəllimlərin etik davranış Qaydaları”na riayət etməlidir. Şagirdlər normal tədrisin təşkilinə, gedişinə mane ola bilirlər, ancaq biz onlara müxtəlif tərbiyəvi üsul və vasitələri tətbiq edərək müəyyən qədər tədrisə maraq yaratmalıyıq. Şagirdləri məşğul etmək lazımdır. Bu gün belə xoşa gəlməz hallar
Bu gün əksər hallarda şagirdlər dərs prosesində boş qalırlar və nəticə etibarilə dərsin gedişatına mane olurlar. Müəllimin şagirdi döyməsinə isə heç bir halda haqq qazandırmaq olmaz. Çünki bu, müasir pedaqoji qaydalara ziddir. Hesab edirəm ki, bu istiqamətdə ciddi cəzalar olmalıdır”.

Təhsil ekspertinin sözlərinə görə şagirdə bu qədər sərbəst hərəkət etmək icazəsi verilirsə bu məktəbin idarəetməsində problemlərin olduğundan xəbər verir:

“Necə olur ki, şagird üzərində bıçaq məktəbə girə bilir? Bu gün məktəblərin idarəetməsindəki boşluqlar, Təhsil Nazirliyinin hadisələrə reaksiya verməməsi bu kimi halların yaranmasına gətirib çıxarır. Bu gün Təhsil Nazirliyinin məktəb nəzarətindən xəbəri yoxdur. Məktəbə gedib 1-2 foto çəkdirməklə problemlər həll olunmur. Bu istiqamətdə ciddi boşluqlar var. Bu yaxınlarda Gəncədə iki qız şagird bir-birini bıçaqladı, Bakı şəhərində iki gün ərzində məktəblərdə şagird şagirdə ciddi xəsarət yetirdi, müəllim şagirdi döyür. Artıq cəmiyyət bu xəbərlərdən yorulub, valideynlər övladlarını məktəbə göndərməyə qorxur. Çünki Təhsil Nazirliyi nəzarət etmir, hər an övladımız təhlükədədir və məsuliyyəti də öz üzərilərindən kənara çəkirlər. Bu məsuliyyətsiz insanlar təhsil sistemində ciddi problemlər yaradır”.

//Gülnarə Abasova, Editor.az