“Adam kənardan separatçıların bəyanatlarına baxanda onların ağıllarının hansı səviyyədə olmasına təəccüb edir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O, “Qisas-2” əməliyyatından sonra separatçı rejimin “lider”i Araik Arutyunyanın səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, tanınmamış “DQR”in “rəhbər”i söyləyib ki, o, müharibədən sonra 2 ildir ki, rəsmi Bakı ilə danışıqlarda cəhd etsə də, heç bir irəliləyişə nail ola bilməyib. Separatçının sözlərinə görə, Azərbaycan tərəfinin əsas tələbi Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin reinteqrasiyası və bölgədəki “müdafiə ordusu”nun tərksilah edilməsidir.
Ü. Cfərəov bildirib ki, Azərbaycan may ayında sonuncu sözünü deyib:
“Araik Arutyunyan da deyir ki, guya o, 2 ildir ki, Azərbaycanla danışıqlara cəhd edir. Sən kimsən ki, Azərbaycanla hansısa danışıqlara cəhd edəsən? Əvvəla, Azərbaycan səni etdiyin cinayətlərdən dolayı, normal bir adam kimi də qəbul etmir. Ölkə başçısının dediyi kimi, sən, birincisi, qanunlar qarşısında cavab verməyə hazır ol, nəinki hansısa cəhdlər edəsən, Bakıya nələr təklif edəsən və s.
Bakı nələr təklif edibsə, bunu bütün dünya görüb. Amma sən nə təklif edibsənsə, yalnız Moskvanın və İrəvanın tələblərini icra etmək istəmisən. Sən “biz hazırlaşmalıyıq, vuruşmalıyıq” kimi sərsəm bəyanatlar vermisən”.
“O ki qaldı qondarma rejimin “müdafiə ordusu”nun ləğöv olunmasına, bu proses artıq yaxınlaşır və bunu Azərbaycan oğulları icra etməli olacaq. Çünki ermənilər bunu könüllü qaydada icra etmək istəmir və guya nəyəsə hazırlaşırlar. Nəyə hazır olacaqsan? Sən kimsən ki, Azərbaycana qarşı hansısa şərtlər irəli sürəsən? Mümkün deyil ki, nə Rusiya, nə də Fransa separatçı qurumu hansısa bir statusda tanısın”, – əlavə edib.
Polkovnikin fikrincə, son hadisələrdən sonra indi Araik ictimai reaksiyanı yumşaltmaq üçün nələrsə deməlidir:
“Lakin biz tez bir zamanda bu məsələlərə son qoymalıyıq. Çünki danışıqlar prosesi uzandıqca, bunlar üçün müəyyən cəhdlər olur, ümidlər verilir ki, silah-sursat gətiriləcək və s. Həmçinin, ABŞ-ın dövlət katibi Entoni Blinken də dedi ki, əsas məsələlər üzrə heç bir razılıq əldə edilməyib. Bu da bunların arzusudur ki, həmin arzuları danışıqlarda Ermənistan tərəfi dilə gətirir. Ermənilərin Qarabağ separatçılarına hansısa statusun verilməsi ilə bağlı istəklərinə Azərbaycan heç bir zaman razı olmayacaq”.
“Danışıqlar prosesi davam etsə də, habelə bəzi ikinci-üçüncü dərəcəli məsələlərdə müəyyən fikirlər üst-üstə düşsə də, əsas məsələdə – status məsələsində Azərbaycan “yox” sözünü deyib. Mənə elə gəlir ki, bu da ermənilər və onların havadarları tərəfindən bilərək edilir ki, danışıqlar dalana dirənsin. Ona görə ki, vaxtın uzanmağı ermənilərə hava və su kimi lazımdır”, – müsahibimiz vurğulayıb.
Hərbi ekspert hesab edir ki, Araik yaxın zamanlarda etdiklərinə görə cavab verməlidir və hər şey də ona doğru gedir:
“Yəni Azərbaycan məcburiyyət qarşısında qalıb separatçıların “başçı”larını ram etməlidir ki, hazırda proseslər də o istiqamətdə gedir. Baxaq, görək, bunun nəticəsi hansı aylara təsadüf edəcək, lakin, məncə, yay aylarında olmasa belə, payız aylarında Araik vəziyyətin onun üçün necə kritik olduğunu anlayacaq”.

