AŞPA-nı tərk etməyimizi faciəyə çevirənlərin əsl üzübackend

AŞPA-nı tərk etməyimizi faciəyə çevirənlərin əsl üzü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AŞPA-nın Azərbaycanın səbr kasasını daşırması nümayəndə heyətimizin qurumu tərk etməsini elan etməsi ilə nəticələndi. Rusiyadan sonra AŞPA-nı tərk edən ikinci ölkə elə məhz Azərbaycandır. 2001-ci ildə Avropa Şurasına üzv olandan sonra ilk dəfədir ki, ölkəmiz Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə bütün əlaqələri kəsib.

Ərazi bütövlüyümüzün təmin edilməsi, Xocalı, Xankəndiyə bayraq sancılmasından qıcıqlanaraq, seçkiləri bəhanə edərək əsl üzlərini ortaya çıxaran AŞPA əslində çox da mühüm qurum deyil. Daha çox məşvərətçi funksiyası daşıyan AŞPA ilə münasibətlər onsuz da son zamanlar gəgrinləşmişdi. Son illər ərzində demək olar ki, ayda bir-iki dəfə bu qurum anti-Azərbaycan mövqeyini üzə çıxarırdı. AŞPA ancaq Azərbaycanın əleyhinə qərarlar qəbul edirdi, halbuki illərlə Ermənistanın işğalına göz yumublar.

AŞPA-nın gətirdiyi “arqumentlər” bəhanədən başqa birşey deyil. Bunun əsas səbəbi onların ötən ildən Laçın yoluna, ümumilikdə Qarabağa monitorinq göndərmək cəhdlərinin alınmaması, “Qarabağ ermənilərinin blokadası və ərazini tərk etməsi”ndən narahatlıq, bir sözlə, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi və burada ikinci erməni dövlətinin yaradılması planlarının alt-üst olmasıdır.

Heç bir regional münaqişənin, o cümlədən Qarabağ, Abxaziya və Cənubi Osetiya (Gürcüstan) və hətta Ukraynada davam edən müharibənin həllinə konstruktiv təsir göstərməyən AŞPA-nı tərk etməyimizi faciəyə çevirən şəxslər var. Hansı ki, bu şəxslər vaxtikən qələbəmizə kölgə salmaqla məşğul idi.

Bunun üçün əlindən gələni edənlər sırasında xüsusi yer tutan müxalifət üzvləri indi də AŞPA-nı tərk etməyimizi əllərində bayraq ediblər. Guya bunun təhlükələri barədə təbliğat aparırlar. Amerikadan, Avropadan pul alaraq ölkədə baş verən prosesləri öz istədikləri və ya onlara tapşırılan formada təqdim edərək insanlarda çaşqınlıq yaradan bu şəxslər indi də tapşırıq üzrə AŞPA-ya dəstək çıxırlar.

Özlərini ermənipərəst qurumun “azərbaycanlı mənsubları” kimi aparan şəxslər sırasına Müsavat Partiyasının sədri Arif Hacılı, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, “Toplum TV”-nin baş redaktoru Xədicə İsmayıl və başqalarıdır. Onlar iddia edir ki, ölkəmizin AŞPA-nı tərk etməsinin nəticələri yaxşı olmayacaq. Əli Kərimli düşünür ki, biz Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq. Guya anti-Avropa siyasəti iqtisadi vəziyyəti pisləşdirəcək, maddi yardım məhdudlaşacaq, Avropaya gedən Azərbaycan vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq ediləcək.

Bir müddət əvvəl yazmağa söz tapmayıb qoyun-quzu məsələsi ilə diqqət çəkməyə çalışan Əli Kərimli, vaxtikən adı bir sıra məsələlərdə hallanan Xədicə İsmayılın bugünkü “narahatlığı” anlaşılandır. Göründüyü kimi, onlar sadəcə aldıqları tapşırıqları yerinə yetirməyə çalışırlar. Xədicənin baş redaktoru olduğu “Toplum TV”-nin “youtub”-dan əldə olunan qəpik-quruşla idarə olunduğunu düşünmək sadəlövhlük olardı. Məsələn, “Toplum TV”-nin internet saytında ən çox oxudulan 5 məqalədən 3-ü bilavasitə Avropa Şurasının Azərbaycana qarşı istifadə etdiyi bəhanələrə informasiya dəstəyidir. Bu dəstəyin son dərəcə sistemli, ardıcıl və düşünülmüş olması saytın videolar bölməsində aydın görünür. Məlumdur ki, Amerika və Avropanın ayırdığı pullar hesabına maliyyələşən bu şəxslər Azərbaycanın uğurlarına kölgə salmaq üçün əllərindən gələni edirlər. Əvvəllər Xocalı, Xankəndiyə bayraq sancılmamasını bəhanə etdiklərinə görə indi pərt olmuş bu şəxslər mənasız quruma çevrilən, daim Azərbaycanın əleyhinə qərarlar çıxaran AŞPA-nı müdafiə edirlər.

Son olaraq bildirim ki, Azərbaycanın AŞPA-nın seçkilərə dəvət olunması kimi öhdəliyi yoxdur, əsas seçki izləyən institut olan ATƏT-  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiləri müşayiət edəcək. İkincisi, Azərbaycanın “yerinə yetirmədiyi” öhdəliklər dedikdə yəqin ki,  “LGBT hüquqlarının qorunması” nəzərdə tutulur. Məsələn, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir və s.  Bu “dəyərlər” isə Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə tamamilə ziddir. Məhz bu səbəbdən Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb. Üçüncüsü isə, Azərbaycanın nümayəndə heyətinin AŞPA-nı tərk etməsi Azərbaycan inkişaf etmiş dövlətlərlə, Qərblə işbirliyinə mənfi təsir etməyəcək, əksinə daha da aktivləşdirəcək.

Milli.az