“Astana formatının iştirakçıları müttəfiq yox, daha çox öz maraqlarını uzlaşdırmağa çalışan dövlətlərdir”- ŞƏRHbackend

“Astana formatının iştirakçıları müttəfiq yox, daha çox öz maraqlarını uzlaşdırmağa çalışan dövlətlərdir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Astana formatı əslində bir-birinə qarşı zidd olan tərəflər arasında vəziyyətdən çıxmaq üçün yaradılan cəhdlərdən biridir. Türkiyənin Suriyadakı maraqları Rusiya və İranınkından fərqlənir. Türkiyə Suriyada hər hansı bir muxtariyyətin yaranmasının əleyhinədir, Suriyanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edir. Rəsmi Ankara sadəcə sərhədboyu yerləşən terrorçuların təslim olmasını istəyir və bu istiqamətdə antirerror əməliyyatları aparır”.

Bu sözləri Editor.az- açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Politoloq Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana görüşünün sonunda qəbul olunan bəyannamənin əhəmiyyətinə toxundu:

” Bəyanatdan görünür ki, tərəflər heç bir qeyri-aid məsələlər üzrə razılıq əldə etməyib. Ümumi nəticələrə qaçqınların qayıtması, ərazi bütövlüyü və xarici ölkələrə aid hərbiçilərin regiondan çıxarılması ilə bağlı məsələlər aiddir. Türkiyənin bu sammitdə gündəliyə çıxarmaq istədiyi məsələlərdən biri Suriyanın şimalında terrorçu PKK/YPG qruplarına qarşı antirerror əməliyyatları ilə bağlı razılıq əldə etmək idi. Lakin Seyid Əli Xamnəi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə buna nail olunmadı. Xamnei hətta Türkiyəni hədələyərək bəyan etdi ki, antiterror əməliyyatları aparması regionda sülhə və sabitliyə ziyan vuracaq. Eyni zamanda, bu məsələni Xamnei Putinlə görüşdə də xatırlatdı. Yəni, Astana formatının Tehran iclası Türkiyə üçün uğursuz oldu. Ümumilikdə isə sammit uğursuz baş tutdu. Çünki ciddi nəticələr əldə edilmədi. Yeganə əldə olunan nəticə Xamneinin Rusiyanın Ukraynadakı işğalını müdafiə etməsi oldu. Ortada başqa ciddi bir məsələ yoxdur”.

S. Soltan qeyd edib ki, Astana formatının Suriyadakı düyünü açması inandırıcı görünmür: ” Çünki dünyanın aparıcı aktorları bu sammitə qatılmayıb. Rusiya və İranın isə bu düyünü açmaq üçün siyasi, iqtisadi, hərbi gücü yoxdur. Türkiyə isə atacağı addımlara görə daim həm Qərb, həm də Astana formatındakı müttəfiqləri tərəfindən təzyiqlərə məruz qaldığına görə bu düyünü çözmək qüdrətində deyil. Belə ki, Astana sammiti sadəcə olaraq Türkiyə, Rusiya və İran üçün Suriyadakı bir sıra məsələləri öz aralarında həll etmək üçün bir vasitədir. Astana formatı uğursuzdur. Nəzərə almaq lazımdır ki, Astana formatının iştirakçıları müttəfiq yox, daha çox maraqlarını uzlaşdırmağa çalışan dövlətlərdir. Rusiyanın marağı Bəşər Əsədi qorumaqla ABŞ və digər Qərb dövlətlərinə Suriyada problem yaratmaqdır. İran da eynilə öz təhlükəsizliyini qorumaq üçün Qərbin başını daha çox Suriyada qatmağa çalışır. Ancaq proseslərin gedişatı göstərir ki, Suriya hadisəsi daha çox İran və Rusiyanın başını qataraq iqtisadiyyatına milyonlarla ziyan vurub. Çünki həmin o ərazidə Rusiya və İran hərbiçilərinin mövcudluğu onların dövlət büdcəsinə ciddi şəkildə baha başa gəlir”.

//Gülnarə Abasova, Editor.az