“Astana sammiti dövlətimiz üçün bir sıra yenilliklərlə yadda qalıb”- Millət vəkili ŞƏRH EDİRbackend

Astana sammiti dövlətimiz üçün bir sıra yenilliklərlə yadda qalıb”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması cənab prezident İlham Əliyevin illərə söykənən uğurlu xarici siyasətinin bəhrəsidir. Azərbaycan da qardaş ölkə Türkiyə kimi hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Bununla da ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olması baxımından çox önəmlidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatın əksər üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir:

“Səfər zamanı dövlət başçısının təşkilatın üzv dövlətlərinin başçıları ilə təkbətək və geniştərkibli görüşləri baş tutub. Astana sammiti dövlətimiz üçün bir sıra yenilliklərlə yadda qalıb. Bunlara Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunması, Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda ilk dəfə Zirvə görüşünün keçirilməsi kimi əlamətdar hadisələr daxildir. Dövlət başçımızın xarici siyasətdəki təşəbbüsləri və son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu gündən-günə artmaqdadır. Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa arasında əsas körpüyə çevrilib.

Bütün bunlar uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin düşünülmüş düzgün xarici siyasətinin nəticəsidir. Dövlətimizin başçısının mötəbər tədbirlərə dəvət edilməsi təkcə ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqeyindən irəli gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır”.

//Gülnarə Abasova, Editor.az