Astaraçay üzərində yeni körpü nə zaman istifadəyə veriləcək? – İranlı nazir AÇIQLADIbackend

Astaraçay üzərində yeni körpü nə zaman istifadəyə veriləcək? – İranlı nazir AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın gələcəkdə Şimal-Cənub dəhlizinin bütün istiqamətlərdə (quru yolu, dəmiryol, dəniz yolu) təkmilləşdirilməsi məqsədilə bu bəyannamənin yüksək səviyyədə imzalanacağı gözlənilir”.

Bu sözləri İranın yol və şəhərsalma naziri, İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının iranlı həmsədri Mehrdad Bəzrpaş “Trend”ə açıqlamasında deyib.

O, iki ölkə arasında Astaraçay üzərində istifadəyə hazır olan avtomobil körpüsü haqda detalları da açıqlayıb:

“İranın Azərbaycanla təxminən 700 km uzunluğunda sərhədi var. İki ölkənin zəngin müştərək tarixi, mədəni və sairə sahələrdə bağları vardır. İki ölkənin iqtisadi potensialları da tarixi və mədəni sahələrdəki kimi böyük ölçüdə inkişaf etdirilə bilər. Müxtəlif zaman kəsiklərində iki ölkə əlaqələrində müəyyən eniş-yoxuşlar mövcud olub.

İran və Azərbaycanın Şimal-Cənub beynəlxalq dəhlizində yer alması iki ölkənin iqtisadi cəhətdən əlaqələrinin yüksək səviyyədə olmasına imkanlar yaradıb. Azərbaycanda səfərdə olduğum müddətdə baş tutan görüşlərdə əsas diqqətçəkən məsələlərdən biri şimal-cənub və şərq-qərb dəhlizlərinin təkmilləşdirilməsi idi. Çünki bu dəhlizlər iki ölkənin iqtisadi əlaqələrinin yüksəlməsinə təkan verir. Bu dəhlizlər iki ölkənin iqtisadi inkişafına da öz töhfəsini verə bilər”.

İranlı nazirin sözlərinə görə, İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə (9 sentyabr 2022) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.

“Yaxın gələcəkdə Şimal-Cənub dəhlizinin bütün istiqamətlərdə (quru yolu, dəmiryol, dəniz yolu) təkmilləşdirilməsi məqsədilə bu bəyannamənin yüksək səviyyədə imzalanacağı gözlənilir. İran, Azərbaycan və Rusiya arasında üçtərəfli şəkildə əməkdaşlıqların inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu istiqamətdə iclasların təşkil olunması nəzərdə tutulub. Region ölkələri arasında müştərək layihələrdən biri İran, Azərbaycan və Rusiya elektrik şəbəkəsinin sinxronlaşdırılmasıdır. Bununla əlaqədar müxtəlif işlər həyata keçirilib və gələcəkdə üç ölkə arasında elektrik mübadiləsinin şahidi olacağıq.

Yaxın vaxtlarda (2 ayadək) Astaraçay üzərində yeni körpü istifadəyə veriləcək. Bu körpü iki ölkənin ticarət mübadiləsində və yük tranzitində yeni imkanlar yaradacaq. Artıq Astaraçay üzərindəki körpünün tikintisi başa çatıb.

Hazırda həm İran tərəfində, həm də Azərbaycan tərəfində gömrük infrastrukturları yaradılmaqdadır. Körpünün ilk olaraq müvəqqəti şəkildə istifadəyə verilməsi, sonradan isə daimi şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulub”, – deyə o əlavə edib.

O qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında digər iqtisadi məsələlərdən biri hava reyslərinin artırılmasıdır. İki ölkənin mövcud potensiallarını nəzərə alaraq iş adamları, tələbələr və vətəndaşların asan şəkildə səfər etməsi üçün hava reyslərinin artırılması diqqət mərkəzində saxlanılıb.