Aşura gününün ƏHƏMİYYƏTİ: “Bunu edənlər İslam dinindən xəbərsizdirlər”backend

Aşura gününün ƏHƏMİYYƏTİ: “Bunu edənlər İslam dinindən xəbərsizdirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhərrəm ayı haram ayların içərisində birinci aydır. Allah təala Qurani Kərimdə belə buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin” (ət-Tövbə surəsi 36-cı ayə). Böyük islam alimlərindən biri olan İbn əl-Cövzi (Allah ona rəhmət etsin) buyurur: Allah sənə rəhm etsin, ey mənim qardaşım, bil ki, həqiqətən də Məhərrəm ayı ən qiymətli, ən hörmətli aylardan biridir. O ay ona görə Məhərrəm (Haram ay) adlandırılıb ki, bu ayda döyüşmək (dava etmək, müharibə etmək) qəti olaraq haramdır (ət-Təbsirat 2/6). Bu ay sülh, mehribançılıq, gözəl günlər yaşamaq üçün böyük aydır. Ancaq islam tarixində Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn vəhşicəsinə şəhid edilib. Bundan sonra bəzi məzhəblərdə bu ayı matəm ayı kimi qeyd ediblər. Tarix boyu da xalqımız Peyğəmbərin nəvələrinə hörmət əlaməti olaraq bu ayı yanlış olaraq matəm ayı kimi yaşayıblar. Halbuki dinimizdə, şəriətimizdə 3 gündən artıq yas saxlamaq Peyğəmbər tərəfindən qadağan olunub. Çünki, inanclı insan anlayır ki, insan ölməklə yox olmur, axirət həyatına gedir. İnsan ölüb yox olmaq üçün yaradılmayıb. Axirətdə əbədi xoşbəxt olmaq üçün yaradılıb”.

Bu sözləri Editor.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib.

Müsahibimiz qeyd edib ki, şüurlu insan Cənnət gənclərinin ağası hesab edilən və yerinin Cənnət olduğunu bildiyi bir Peyğəmbər övladı üçün hansı səbəbdən əsrlərlə yas saxlamalıdır:

“Bəli, biz onu böyük tarixi şəxsiyyət kimi qoruyub saxlamalıyıq, adını uca tutmalıyıq, onun və babası Peyğəmbərin yolu ilə getməliyik. Amma ona yas saxlamaq, ona görə mərsiyə demək, başını yarmaq, övladına zərər yetirmək cəhalətdən başqa bir şey deyil və ağılsızlıqdır. Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) eşidilib ki, deyib: Məhərrəm ayı Allahın ayıdır. O ayın Allahın ayına izafə olunması, yəni Allahın ayı adlandırılması onun şərəfli ay olmasına, üstün ay olmasına, hörmətli ay olmasına dəlildir. Yaratdıqları içərisində Allah təala bu Məhərrəm ayını Özünə xas edibdir, necə ki, Məhəmmədin (səlləllahu aleyhi və səlləm) nəsəbini İbrahimin, İshaqın, Yəqubun və başqa peyğəmbərlərin (əleyhissəlam) nəsəbindən üstün edibdir (Li Taifi-l məarif bi ixtisar, səh. 49)… Sadəcə bu aya hörmət əlaməti olaraq günahlardan çəkinmək lazımdır. Dinimizin qadağan etdiyi haramlardan, spirtli içkilərdən uzaq qalmaq lazımdır, söhbət də bundan gedir ki, bütün bunlardan yalnız bu ayda yox, digər aylarda da ömrün boyu uzaq qalmalısan. Bu baxımdan da müasir dövrümüzdə toylarda çox israfçılıq olur, spirtli içkilər verilir və.s. Bu baxımdan xalqımız tarix boyu bu aylara hörmət əlaməti olaraq toy eləmirlər. Aşura günündə özünə zülm etmək, qan çıxartmaq, sinəyə vurmaq dində olmayan, heç bir mətndə göstərilməyən ” qaydalar” islam dininə məxsus deyil. Bunu edənlər Allaha şərik qoşan insanlardır. Onlar İmam Hüseyni Allah adına qədər  qaldırıblar. İmam Hüseynə görə özündən qan çıxaranlar heç Allahın rəsulu həzrəti Məhəmməd Peyğəmbərə görə bunu etmirlər. Bu cür əməllər  İslam dininə tamamilə ziddir. Bunu edənlər İslam dinindən xəbərsizdirlər”.

//Gülnarə Abasova, Editor.az