“Azərbaycanın Kəlbəcər rayonu istiqamətində atəşkəsin Ermənistan tərəfindən pozulması rəsmi İrəvanın iradəsinə bağlı deyil və Nikol Paşinyan onu hakimiyyətə gətirən dairələrin təlimatlarını icra edir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
O, bildirib ki, Ermənistan tərəfindən atəşkəsin davamlı olaraq pozulduğu bir zamanda, Azərbaycan və Türkiyə əleyhinə ritorikanın intensivləşməsi, 44 günlük müharibənin nəticələrinə və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənatın müddəlarına uyğun gəlməyən, prosesin pozulmasına xidmət edən iddiaların irəli sürülməsi də bunu sübuta yetirir:
“Hazırda Türkiyənin neytrallaşmasına xidmət edən və bəzi region dövlətləri tərəfindən də dolayısıyla dəstəklənən cəhdlərin də şahidi oluruq. ABŞ-da Ceb Buş, Con Bolton, Cozef Liberman və əsasən ABŞ kəşfiyyatının sabiq yüksək çinli məmurlarının təşəbbüsü ilə yaradılan və “Türk Demokratiya Layihəsi” (Turkish Democracy Project) adlanan anti-Türkiyə mexanizminin intensiv şəkildə işə salınması da bunu sübuta yetirən amil kimi dəyərləndirilə bilər. Sözügedən layihənin əsas təşəbbüskarlarından biri olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun “Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinin faydalı olmadığı” barədə davamlı açıqlamalar verməsi də Azərbaycan ərazisinə atəş açan silahların tətiyindəki barmaq izlərini nişan verir. Məqsəd nəyin bahasına olursa olsun münaqişənin bitmədiyi görüntüsünü yaratmaqla, üçüncü qüvvələrin, xüsusilə də Fransa və ABŞ-ın müdaxiləsinə zəmin yaratmaqdan ibarətdir. Ortalıqda Azərbaycan-Rusiya, Türkiyə-Rusiya ikitərəfli münasibətlərinin, həmçinin Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının və bu format üzərindən gerçəkləşdirilməsi nəzərdə tutulan regional əməkdaşlıq platformasının qarşısını almaq, icrası nəzərdə tutulan nəqliyyat dəhlizlərinə maneə yaratmaqdan ibarətdir”.
Politoloqun fikrincə, yaranmış vəziyyət ilk növbədə Azərbaycan və təbii ki, qardaş ölkə Türkiyə tərəfindən dəyərləndirilir. Prosesə Rusiyanın münasibəti də aydındır və bu baxımdan, çox güman ki, yaxın günlərdə Ermənistanın növbəti uğursuzluğunu müşahidə edə biləcəyik.
//Gülnarə Abasova, Editor.az

