ATƏT-in Minsk qrupu bundan sonra hansı funksiya və missiyanı yerinə yetirməlidir?- AÇIQLAMAbackend

ATƏT-in Minsk qrupu bundan sonra hansı funksiya və missiyanı yerinə yetirməlidir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın yaratdığı reallıqlar bölgədə çoxtərəfli işbirliyinin dərinləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkanlar formalaşdırıb. Şübhəsiz ki, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Bu isə həm bölgə ölkələri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans – tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.


Politoloqun sözlərinə görə, indi ictimai rəydə müzakirə predmetinə çevrilən məqamlardan biri ATƏT-in Minsk qrupunun bundan sonra hansı funksiyanı və missiyanı yerinə yetirəcəyi məsələsidir:

“Bəzən Minsk qrupunun həmsədrlərindən “tərəflərin dialoqa dəvət olunması” çağırışlarını eşidirik. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, sülhyaratma prosesində, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların bərpası məsələlərində aydın yanaşma – prinsipial mövqe ortaya qoyur. Münaqişə isə artıq həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə heç bir əsas və ehtiyac yoxdur. İndi əsas məsələ müharibə sonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, üçtərəfli bəyanatda əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. Minsk qrupu isə varlığını qorumağa çalışsa da, yeni mərhələnin şərtlərinə və çağırışlarına uyğun konkret təşəbbüslərlə fərqlənmir. ATƏT-in Minsk qrupu postkonflikt dövründə varlığını göstərmək istəyirsə, yeni reallıqları nəzərə almalı, hazırkı gerçəkliklər əsasında perspektivə baxaraq qeyd etdiyimiz məsələlər ətrafında faydalı təklif və təşəbbüslərlə çıxış etməlidir”.

//Gülnarə Abasova, Editor.az