“Atılan bu addımlar milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir”-Millət vəkilindən AÇIQLAMAbackend

“Atılan bu addımlar milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir”-Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün təkcə Azərbaycan yox, eləcə də Şərq aləmi üçün çox əlamətdar bir gündür. 1918-ci il mayın 28-də Azərbaycan xalqı demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Bununla da həmvətənlərimiz bir daha müstəqillik əzmini nümayiş etdirərək Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini elan etdi”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Əlbəttə yaradılan Cümhuriyyət 23 ay mövcud olmasına baxmayaraq müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Çünki qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökumətin yaradılması, dövlət atributlarının təsis edilməsi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilməsi mühüm addımlar idi. Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində də görülən işlər əsaslı formada dövlət özüllərinin formalaşmasında vacib rol oynaydı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi”

Deputat həmçinin qeyd edib ki, Cümhuriyyət dövründə əldə olunmuş nailiyyətlər çoxdur:

“Ancaq təəssüf ki, Cümhuriyyətin müstəqilliyi cəmi 23 ay çəkmiş oldu. Amma Cümhuriyyət Azərbaycan xalqında bir dövlətçilik ənənəsinin formalaşmasında mühüm rol oynadı. Bu baxımdan 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmaqla Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Dövlətçilik ənənələrinə sadiqlik siyasiəti bu gün də davam etdirilir. 2007-ci il 25 may tarixində Bakının İstiqlaliyyət küçəsində prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimi keçirilmişdi. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalamış, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdi. Atılan bu addımlar milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur”.

//Editor.az