“Autizm şübhəsi olan uşaqlara sadə testlərlə də erkən diaqnoz qoymaq mümkündür”- Psixoloqdan AÇIQLAMAbackend

“Autizm şübhəsi olan uşaqlara sadə testlərlə də erkən diaqnoz qoymaq mümkündür”- Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Autizm, adətən, həyatın ilk 3 ilində başlayan və ömür boyu davam edən inkişaf pozuntusudur. Bu insanın ətrafı ilə düzgün ünsiyyət qura bilməməsi kimi ifadə edilə bilər”.

Bu sözləri Editor.az-a 2 aprel-Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq autizm şübhəsi olan uşaqlara sadə testlərlə erkən diaqnoz qoymağın mümkünlüyünü bildirib:

“Erkən diaqnoz və müvafiq reabilitasiya proqramı uşağın psixoloji sağlamlığının nisbətən təmin olunmasında böyük rol oynayır. Autizmin dəqiq səbəbi məlum deyil, genetik olduğu düşünülür. Bu diaqnoz oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir. Autistik Spektr Pozuntusu olan insanların 70%-də əqli gerilik də paralel özünü göstərir. İstedadlılıq isə onların 10%-də müşahidə olunur. Diqqət çatışmazlığı, hiperaktivlik, və epilepsiya ASP ilə birlikdə müşahidə edilə bilər”.

Leyla Əlinin sözlərinə görə ASP-nin əsas əlamətləri bunlardır:

“Göz təmasının qurulmaması;

Nitqin yaşa uyğun olmaması və ya heç olmaması;

İşarə barmağından işarə məqsədilə istifadə etməməsi;

Uşağın özünə qapalı olması;

Fırlanan əşyalara maraq göstərməsi;

Təkrarlanan hərəkətlər etməsi;

Adına reaksiya verməməsi;

Yaşıdları ilə sosiallaşa bilməməsi;

Autistik Spektr Pozuntusu diaqnozu həkim-psixiatr tərəfindən təyin edilir. Müalicə prosesində psixiatrla yanaşı, psixoloq, loqopedlə də paralel iş aparılmalıdır. Valideynlər bilməlidir ki, erkən müdaxilə uğurlu nəticənin yarısıdır”.

//Gülnarə Abasova, Editor.az