Aviasiya qəzalarında həyatını itirən dünya liderləribackend

Aviasiya qəzalarında həyatını itirən dünya liderləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi helikopterin qəzaya uğraması nəticəsində ölüb.

Editor.az dünyada indiyədək təyyarə qəzalarında həyatını itirən və ya sağ qalan liderlərin məlumatlarını toplayıb.

7 sentyabr 1940-cı ildə Paraqvay prezidenti marşal Xose Feliks Estiqarribia təyyarə qəzasında həlak olub. Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus 25 TOE təyyarəsi Altos şəhəri yaxınlığında qəzaya uğrayarkən Estigarribia-nın həyat yoldaşı Julia Miranda Cueto da qəzada dünyasını dəyişib.

17 mart 1957-ci ildə Filippinin Balamban şəhəri yaxınlığında Duqlas C-47 Skytrain tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində prezident Ramon Maqsaysay da daxil olmaqla, 25 nəfər həyatını itirdi.

13 aprel 1966-cı ildə İraq Hərbi Hava Qüvvələrinə məxsus De Havilland DH.104 Dove 1 sərnişin təyyarəsi İraqın cənubunda Bəsrə hava limanından 10 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə olan İraq prezidenti Əbdüsselam Arif dünyasını dəyişib. İddialardan birinə görə, təyyarə qəzasına Baas Partiyasına rəğbət bəsləyən əsgərlərin təxribatı səbəb olub.

27 aprel 1969-cu ildə Boliviya prezidenti general Rene Barrientos vertolyotunun Koçabamba şəhərində qəzaya uğraması nəticəsində həlak olub.

24 may 1981-ci ildə Ekvador Hərbi Hava Qüvvələrinə məxsus Beechcraft Super King Air təyyarəsi Perunun cənubundakı Quaçanama dağı yaxınlığındakı təpəyə çırpıldı. Təyyarədə olan 12 nəfər, o cümlədən Ekvador prezidenti Xayme Roldos Aqilera və müdafiə naziri general Marko Aurelio həlak olub.

31 iyul 1981-ci ildə Panama Hərbi Hava Qüvvələrinə məxsus De Havilland Canada DHC-6 Twin Otter təyyarəsi dağa çırpıldıqdan sonra Koklesito hava limanı yaxınlığında meşə ərazisinə düşüb. Panama prezidenti Omar Torrixos da daxil olmaqla bütün sərnişinlər ölüb.

19 oktyabr 1986-cı ildə Cənubi Afrikanın cənubundakı Mbuzini kəndindən 35 kilometr aralıda qəzaya uğrayan Tu-134A-3 sərnişin təyyarəsində Mozambik prezidenti Samora Macel və bir çox Mozambik nazirləri də daxil olmaqla, 34 nəfər həlak oldu. Qəzadan sonra aparılan araşdırmalarda pilotun günahkar olduğu məlum olub.

17 avqust 1988-ci ildə Pakistan prezidenti general Ziaul Haqın olduğu Lockheed C-130 hərbi-nəqliyyat təyyarəsi Bəhavalpur hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğradı. Təyyarədə olan 31 nəfərdən heç biri sağ qalmayıb. Təyyarədə ABŞ səfiri Arnold Lyuis Rafel və Pakistan Kəşfiyyat İdarəsinin baş direktoru Əbdürrəhman Axtar da olub.

6 aprel 1994-cü ildə Burundi prezidenti Kipr Ntaryamiranı və Ruanda prezidenti Juvenal Habirimananı daşıyan təyyarə Tanzaniyadan qayıdarkən Ruandadakı Kiqali hava limanı yaxınlığında “yer-hava” raketi ilə vuruldu. İki ölkə lideri də daxil olmaqla 10 nəfər arasında sağ qalan olmayıb. Atəş açanların kimliyi məlum olmasa da, Ruanda Hutuları hadisədə Tutsiləri günahlandırıb. Bu ittihamlar Ruandada 1 milyona yaxın insanın ölümünə səbəb olan soyqırımına səbəb oldu.

26 fevral 2004-cü ildə Makedoniya prezidenti Boris Traykovski və onu müşayiət edən nümayəndə heyətini daşıyan Beechcraft Super King Air 200 təyyarəsi Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığında qəzaya uğradı. Qəzada Traykovski və onun müşavirləri də daxil olmaqla 8 nəfər həlak olub. Təyyarənin qəzaya uğramasının pilot səhvi nəticəsində baş verdiyi açıqlanıb.

2010-cu il aprelin 10-da Polşa Hərbi Hava Qüvvələrinə məxsus Tupolev 154 tipli təyyarə Rusiyanın Smolensk hava limanında eniş edərkən meşə sahəsinə düşüb. Təyyarədə Katın qırğınının anım mərasiminə gedən Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşı da daxil olmaqla 96 nəfər olub. Sağ qalan qalmayan qəzanın pilot səhvi və təşkilatdakı çatışmazlıqlar səbəbindən baş verdiyi müəyyən edilib.

//Gülnarə Abasova, Editor.az