“Avropa Birliyinin xarici işlər nazirləri şurasının oktyabrın 23-də görüşü baş tutdu. Bu görüşə Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell rəhbərlik edəcəkdi. Baş tutan görüşdə isə Rusiya-Ukrayna və Qəzza məsələləri müzakirə edildi”.
Bunu Editor.az-a politoloq Sultan Zahidov Avropa Komissiyasının yaydığı məlumatda “Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq. Vaxt məhdudiyyətinə görə, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrın 23-dəki görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb. Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır”-deyə, səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesinin müzakirəsi də planlaşdırılmışdı:
” Lakin qeyd edildiyi kimi vaxt darlığı səbəbindən bu baş tutmadı. Xarici işlər nazirlərinin növbəti görüşündə, yəni noyabrın 13-də artıq Azərbaycan-Ermənistan məsələsi müzakirə ediləcək. Avropa Birliyi normallaşma prosesində əvvəldən fəal iştirak edən tərəfdir. AB-nin təşəbbüsləri nəticəsində Brüssel, Praqa, Kişinyovda tərəflər arasında görüşlər baş tutmuş və müəyyən irəliləyişlərə də nail olunmuşdur. Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin səyləri də xüsusilə qiymətləndirilməlidir. Bir tərəfdən Avropa Birliyinin normallaşma prosesində maraqlı olduğu görünür. Onun gizli gündəliyi yoxdur, çalışır ki, geosiyasi və enerji maraqlarının olduğu Cənubi Qafqazda sülh, sabitlik olsun. Lakin sözsüz ki, Avropa Birliyinin bütün qurumları məsələ ilə bağlı adekvat münasibət göstərməyib. Məsələn oktyabrın əvvəllərində Avropa Parlamenti Azərbaycanla bağlı ədaləti təmsil etməyən, qərəzli qətnamə qəbul etdi. Bu qətnamə də erməni lobbisinin təsiri altında ərsəyə gəlmişdi. Çünki onun müddəalarına diqqət yetirsək, həqiqəti əks etdirən heç bir cümlə yox idi. 30 il torpaqlarımızı işğalda saxlayan, etnik təmizləmə prosesi aparan tərəf Ermənistan olduğu halda qətnamədə bu tamamilə əksinə qeyd edilmişdi”.
Politoloqun fikrincə,Avropa Birliyinin Xarici İşlər Nazirləri Şurasının görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma məsələsinin müzakirə edilməsi təəccüblü deyil:
” Bu görüşdə hər hansı qətnamənin qəbul ediləcəyinə inanmıram. Çünki Avropa Birliyində qətnamənin qəbulu üçün ilk növbədə Avropa Komissiyası tərəfindən təklif irəli sürülməlidir. İndiki halda belə bir təklif yoxdur. Burada sadəcə bir bəyanat verilə bilər. Hansı ki, oktyabrın 23-də baş tutan görüşdə Qəzza ilə bağlı humanitar fasilənin yaranması bəyanatı verildi. Azərbaycan və Ermənistan ilə əlaqədarda bir bəyanat verilə bilər. Çox güman ki, burada sülh prosesi yüksək şəkildə qiymətləndiriləcək. Buna oxşar digər standart ifadələr yer alacaq”.
S.Zahirov görüşün prosesə ciddi təsiri olacağını düşünmür:
” Bəyanatın hansı formada verilməsi də əsasdır. Maksimum dərəcədə obyektiv olunmalı və Avropa Birliyinin bir tərəf kimi neytrallığını təmsil etməlidir. Belə olan halda sülh prosesinə töhfə verə bilər. Əgər bir daha erməni lobbisinin təsiri altında olan qüvvələrin təşəbbüsü ilə bəyanatda Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv mövqe sərgilənərsə, bu sülh müqaviləsinə mənfi təsir edəcək. Lakin belə bəyanatın veriləcəyini düşünmürəm. Həmin Şuranın üzvləri arasında Azərbaycana dost olan ölkələr var. Buraya İtaliya, Rumıniya, İtaliya və digərilərini nümunə göstərmək olar”.
Politoloq qeyd edir ki, bu gün Azərbaycan Avropa Birliyinə hava-su qədər lazımdır:
” Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Avropa Birliyi əgər rəsmi Moskvadan enerji asıllığını sonlandırmaq istəyirsə, Azərbaycan burada əsas alternativlərdən biridir. AB də bunu çox yaxşı başa düşür. Komissiya səviyyəsində biz bunu anlayırıq. Lakin digər qurumlardan eyni ədalətli mövqeni görmürük”.
//Safura Bənnayeva, Editor.az

