Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və ABŞ arasında aparılan danışıqlar fonunda Ukraynanın mövqeyini gücləndirmək istəyir və Kiyevə azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır.
Editor.az bildirir ki, bu barədə “Politico” üç Aİ diplomatına istinadən yazır. Bu paket 2022-ci ildə hərbi əməliyyatların başlanmasından bəri ən böyük paketlərdən biri olacaq. Fevralın 24-ü, Rusiya hərbi əməliyyatlarının başlamasının üçüncü ildönümü ərəfəsində rəsmi şəkildə elan ediləcəyi gözlənilir. Nəşrin məlumatına görə, paketə “hər şey daxil olacaq” – 1,5 milyon artilleriya mərmisindən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər. Nəşrin iki mənbəsi etiraf edib ki, onun dəyəri 10 milyard avroya qədər arta bilər, lakin hələlik Aİ ölkələri Ukraynaya nə göndərə biləcəklərini başa düşmək üçün ehtiyatlarını öyrənirlər.
“Politico”nun qeyd etdiyi kimi, artan hərbi dəstək Ukraynaya ordusunu gücləndirməyə və Kiyev sülh danışıqlarına hazırlaşarkən “Rusiyanın cəbhə xəttindəki hücumlarının qarşısını almağa və şəhərlərini hava hücumlarından qorumağa” kömək edə bilər. Bu, həmçinin ABŞ və Rusiya arasında dünən, fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlara Aİ-nin daxil edilməsi iddiasını gücləndirə bilər.
//Samir Qurbanov, Editor.az