Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri səbəbindən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qoyulan qadağadan imtina edib.
Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər agentliyi Aİ nümayəndələri arasında olan mənbələrə istinadən məlumat yayıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, bunun əvəzində Avropa Komissiyası bloka 2027-ci ilə qədər Rusiyanın enerji resurslarından asılılığına son qoymağa imkan verəcək yeni yol xəritəsi hazırlamaq istəyir. Plan mayın əvvəlində açıqlanmalıdır.
Agentlik xatırladıb ki, ABŞ prezidenti Donald Tramp bir neçə dəfə Aİ-nin daha çox Amerika qazı almasını istədiyini bəyan edib. Aİ rəsmiləri bunu ABŞ administrasiyasını tarifləri aşağı salmağa inandırmaq üçün mümkün danışıqlar vasitəsi kimi görüblər.
Rəsmilərdən biri bildirib ki, AK sanksiyalara görə Rusiyanın LNG-ni itirmək riski ilə üzləşmək istəmir, bu isə ABŞ-la danışıqlarda səlahiyyətlərindən imtina etmək deməkdir. Bununla belə, Aİ blokun Rusiya və Norveçdən sonra üçüncü ən böyük qaz tədarükçüsü olan ABŞ-dan yeni asılılıq yaratmaqdan qorxur.
Xatırladaq ki, daha əvvəl “Financial Times” yazıb ki, AK 2027-ci ilə qədər Rusiya yanacağından imtina təşəbbüsü çərçivəsində Rusiyadan qaz tədarükü üzrə uzunmüddətli müqavilələri pozmağın yollarını axtarır. Eyni zamanda, Aİ cərimələri ödəməkdən yayınmaq istəyir.
//Samir Qurbanov, Editor.az