Avropa Siyasi Birliyinin (EPC) iclasında Aİ üzvləri Rusiyaya qarşı tam ticarət embarqosunun tətbiqi variantını nəzərdən keçirəcəklər.
Bu barədə “Politico” nəşri Avropa strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Görüş bu gün Albaniyanın paytaxtı Tiranada baş tutacaq.
Tədbirdə Avropa İttifaqına üzv 27 ölkə, Qərbi Balkanlar, həmçinin Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn, Böyük Britaniya və Ukraynadan nümayəndələr iştirak edəcək. Əsas məsələlərdən biri Rusiya ixracına rüsumların və məhdudiyyətlərin tətbiqi olacaq. Tam ticarət embarqosu Moskvaya mümkün təzyiq alətlərindən biri kimi qiymətləndirilir.
Nəşrin yazdığına görə, sanksiyaların sərtləşdirilməsi qərarı Rusiya prezidenti Vladimir Putinin İstanbulda mayın 16-na planlaşdırılan danışıqlarda iştirakdan imtina etməsi ilə bağlıdır.
//Samir Qurbanov, Editor.az