Avropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərəcəkbackend

Avropa İttifaqı Ermənistana yeni müşahidə missiyası göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir. Onun səlahiyyət müddəti əvvəlki missiya kimi iki ay deyil, ən azı iki il olacaq.

Editor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı öz mənbələrinə istinadən yazıb. Məlumata görə, ötən həftə layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib, bir gün əvvəl isə müşahidə missiyalarında iştirak edən əsas struktur – Anti-Böhran İdarəetmə Mülki Məsələlər Komitəsi tərəfindən təsdiq edilib.

Yeni müşahidəçilər ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədinə göndərilmiş 40 nəfərlik qrupla müqayisədə daha çox hərəkət azadlığına malik olacaqlar: onlar indi Ermənistanın bütün ərazisini silahsız patrul edəcəklər. Hələlik yeni missiyanın həcmi barədə dəqiq məlumat yoxdur, lakin ilkin məlumatlara görə, onun tərkibinə iki yüzə yaxın avropalı mütəxəssis daxil ola bilər.

Ehtimal olunur ki, müşahidəçilərin prioriteti eskalasiyanı azaltmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaq olacaq. Aİ Xarici Fəaliyyət Xidməti yaxın günlərdə missiyanın təhlükəsizliyinin necə təmin ediləcəyini, risklərin necə qiymətləndiriləcəyini, hansı qoruyucu vasitələrin təmin ediləcəyini və lazım gəldikdə monitorların necə evakuasiya ediləcəyini müəyyən edən xüsusi fəaliyyət planı hazırlayıb həyata keçiriləcəklər.

Hesabatda deyilir ki, Brüssel İrəvanın avropalı müşahidəçilər və Rusiya hərbi kontingenti arasında mümkün təmasların, o cümlədən toqquşmaların idarə olunmasına görə məsuliyyət daşıyacağına, həmçinin müşahidəçilərə hüquqi toxunulmazlıq təmin edəcəyinə ümüd edir. Müşahidəçilərin gələn ay Ermənistana gələcəyi, missiyanın fevralın 20-də işə başlayacağı dəqiqləşib. Bu gün mövzu Aİ səfirlərinin görüşündə qaldırılacaq, yekun qərar böyük ehtimalla yanvarın 23-də Brüsseldə, Aİ xarici işlər nazirlərinin görüşündə veriləcək.

   //Samir Qurbanov, Editor.az