“Avropa İttifaqı missiyası Ermənistanın və havadarlarının təkidi ilə əraziyə yerləşdirilib və dekabrın 19-da fəaliyyət müddəti başa çatır. Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının yerləşdirilməsi sentyabr təxribatlarından sonra reallaşdı. Bölgənin Rusiyanın nəzarətindən çıxması rus sülhməramlıları ilə yanaşı, həm də Avropa missiyasının bölgəyə yerləşdirilməsi ilə bağlı tarixi fürsəti əldən buraxmamaq istəyən qüvvələr bu addımın reallaşmasına çalışıblar”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ciddi müqavimətindən sonra sərhəddə missiyanın yerləşdirilməsinə nail olunmadı: “ Nəticədə Ermənistan ərazisində yerləşdirildi. Missiyanın fəaliyyəti uğursuz olub. Çünki ötən dövr ərzində heç bir halda Ermənistan-Azərbaycan sərhədində ermənilərin törətdiyi təxribatlarla bağlı heç bir açıqlama verilməyib. 10 noyabr bəyanatı ilə Rusiya sülhməramlılarının bölgəyə daxil olması və proseslərdən kənara atılması ilə barışmaq istəməyən Fransa bölgəyə missiyaları göndərməklə Cənubi Qafqazda söz sahibi olduğunu göstərməyə çalışırdı. Bu ümid də boşa çıxmış oldu. Qısa müddətdə missiya uğursuz fəaliyyətini boşa çıxardaraq, bölgəni tərk etmək məcburiyyətində qalacaq. Missiyanın ötən müddət ərzində fəaliyyəti mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı heç bir ciddi, real, proseslərin gedişinə təsir edəcək mövqe ortaya qoymadı. Bu da onu göstərir ki, Azərbaycanın razı olmadığı heç bir təşəbbüs bölgədə özünü doğrultmur”.
Politoloqun fikrincə, Avropa İnstitutları Ermənistana havadarlıq etməklə Azərbaycana təzyiq və təsir etmək imkanı formalaşdırmağa çalışırlar: “Belə qaranlıq yollarla Azərbaycanın iradəsinə təsir etmək mümkün deyil. Missiya Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsində heç bir müsbət irəliləyiş əldə edə bilməyib.Təxminən bir neçə ay ərzində Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, Ermənistan öhdəliklərini üzərinə götürərsə, sülh danışıqlarının reallaşmasında maraqlı olarsa, biz ilin sonunadək sülh müqaviləsi imzalaya bilərik. Bu da bir daha göstərdi ki, Ermənistan sülh danışıqlarına hazır deyil. Ölkənin baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanatda qeyd edilir ki, ” İlin sonunadək Azərbaycanla sülh müqaviləsi deyil, yalnız prosesləri özündə əhatə edən çərçivə sazişinin imzalanması mümkündür”. Digər tərəfdən Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycanla aparılan danışıqlarda yalnız bir bənd, “diplomatik münasibətlərin qurulması” razılaşdırılıb açıqlaması da onu göstərir ki, digər əsas məsələlər heç biri reallaşmayıb. Belə missiyaların bölgəyə gətirilməsi prosesləri uzatmaq məqsədi güdür. Bunların mahiyyəti bütün dünya ictimaiyyəti üçün bir daha bəyan oldu. Belə missiyaların təşkili ilə deyil, sülhə qarşı çıxan Ermənistana təzyiqlər etməklə, Cənubi Qafqazda münasibətlərin tənzimlənməsində maraqlı olan qüvvələr yalnız sülh prosesinə nail ola bilərlər. Əks halda Ermənistanın nazı ilə oynamaqla Cənubi Qafqazda sabitlik əldə etmək mümkün deyil. Azərbaycan prezidentinin də bəyan etdiyi kimi, bizim sülh təkliflərimiz əbədi olaraq masada qalmayacaq. Bunu həm Ermənistan və havadarları, həm də İran, Rusiya və Fransa kimi ikiüzlü, riyakar mövqe tutan tərəflər bilməlidir. Azərbaycan hakimiyyəti xalqın, dövlətin maraqlarına zidd olacaq heç bir addım atmayacaq”.
//Safura Bənnayeva, Editor.az

