Avropa İttifaqının missiyası artıq Ermənistandadır.
Onlar 2 ay müddətində orada güya monitorinq həyata keçirəcəklər. Missiya ilk səfərdən sonra verdikləri açıqlamada Azərbaycanın təcavüzü nəticəsində ən çox zərər çəkən Vardenis sərhəd yaşayış məntəqələrinin olduğunu qeyd ediblər. Birtərəfli qaydada fəaliyyət göstərən missiyanın məsələyə qərəzli yanaşacağı əvvəlcədən məlum idi”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib. Onun fikirlərinə görə, məhz elə bu səbəbdən də Azərbaycan tərəfi haqlı olaraq missiyanın Azərbaycana gəlişinə razılıq vermədi: “ Çünki Avropa İttifaqı əvvəllər də Ermənistanın Azərbaycana aqressiyası ilə bağlı adekvat münasibət göstərməmişdi.
Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizm, şəhərlərin, abidələrin qarət edilməsi aktlarına səssiz qalmışdı. Bu baxımdan Avropa İttifaqı missiyasının Ermənistan maraqlarına uyğun mövqe göstərməsi gözlənilməz deyildi. İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə işğaldan azad edilmiş ərazilərə diplomatların səfərləri baş tutub. Bu səfərlərdə Avropa İttifaqına üzv olan dövlətlərin də nümayəndələri var. Onlar öz gözləri ilə Füzulidə, Ağdamda və s. ərazilərimizdə Ermənistanın törətdiyi vəhşilikləri gördülər.
Bu reallıqları bir kənara qoyub Vardenisdə güya Azərbaycanın törətdiyi qondarma təcavüz aktını müdafiə etmək onların iki üzlülüyünü göstərir”. Politoloq qeyd edir ki, Avropa İttifqaqı missiyasının ərsəyə gəlməsində ən çox istəkli olan tərəf elə Fransa prezidenti Emmanuel Makron idi: “Makron qatı ermənipərəst mövqeyi ilə yaddaşlara həkk olunub. Bütün bu amillərə əsasən missiyanın belə bir qərəzli açıqlama verməsi gözlənilən idi. Bu addım missiyanın obyektivliyinə şübhə yaradır. Vardenisdə olanları belə ermənilərin özlərinin təşkil etdiyini düşünürəm. Süni bir mənzərə yaradaraq bunu missiyaya göstərməyə çalışıblar.
Azərbaycan ordusu heç vaxt mülki əhalini hədəfə almayıb. Missiya əraziyə gəlməmişdən əvvəl yalan mənzərə yaradaraq özlərini acınacaqlı vəziyyətə salırlar. 30 il ərzində işğal altında olan torpaqlarımızda Ermənistan insanlığa sığmayan vəhşiliklər törədib. Buna da bir çox hallarda Beynəlxalq qurumlar və Avropa İttifaqı səssiz qalıb. Edillidə aşkarlanan kütləvi məzarlıqlar da Ermənistanın mənfur əməllərinin göstəricisidir. Missiya Azərbaycana qarşı ədalətsizliyə susub, Ermənistanı dəstəkləyəcəksə burada obyektivlikdən danışmaq olmaz. Avropa İttifaqı missiyası Makronun fikirləri və ermənipərəst mövqeyi ilə çıxış edir”.
//Safura Bənnayeva, Editor.az

