Avropa İttifaqı müdafiəsini gücləndirmək üçün yüz milyardlarla avro vəsait ayırmaq üçün büdcə qaydalarını dəyişməyə hazırlaşır.
Editor.az bu barədə Bloomberg-ə istinadla xəbər verir. Agentliyin məlumatına görə, Avropa iki problemlə üzləşib. Xüsusilə, müdafiə sənayesi kifayət qədər inkişaf etməyib və sürətli silahlanmaya hazır deyil. Bundan əlavə, Ukraynanın Rusiya ilə münaqişəsində ona yardım etməsi səbəbindən onun silah ehtiyatları demək olar ki, tükənib. Bildirilir ki, yerli silah istehsalçılarının dəstəklənməsi hazırda məhdud olan vaxt və pul tələb edir. Bloomberg-in məlumatına görə, mövcud vəziyyət Aİ-ni müdafiə üçün bütün resurslarından istifadə etməyə məcbur edir.
Avropa Şurasının sədri Antonio Kosta bundan əvvəl martın 6-da Aİ-yə üzv ölkələrin fövqəladə sammitinin keçiriləcəyini, sammitdə Ukraynaya yardım və Avropanın müdafiə məsələlərinin müzakirə edilməsinin planlaşdırıldığını bildirmişdi. Kosta bildirib ki, Avropa İttifaqı Avropanın təhlükəsizliyinə cavabdeh ola bilər və eyni zamanda, Ukraynada sülhün təmin olunmasına mümkün töhfə verməyə hazırdır. Avropa İttifaqı Şurasının prezidenti həmçinin Ukrayna prezidenti Volodimir Zelenskini sammitə dəvət etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

