“Azərbaycanla Ermənistan arasında hələ sərhəd müəyyənləşməyib. Ona görə də sərhədyanı bölgələrdəki xarici qüvvələrin istənilən missiyasının fəaliyyəti həm də Azərbaycanla razılaşdırılmalıdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Politoloq bildirib ki, Avropa İttifaqı mülki müşahidə missiyasının regionda fəaliyyəti birtərəflidir:
“Bu fəaliyyətə Azərbaycan tərəfi razılıq verməyib və Ermənistanın istəyi, Fransanın təşəbbüsü ilə həyata keçirilib. Fransa özünü bu missiyada gizlətmək üçün missiyanın üzvlərinin tərkibini rəngarəng edir. Belə ki, bu missiyanın fəaliyyəti daha çox Fransa üçün lazımdır. Fransa regionda mövcudluğunu Avropa İttifaqının bayrağı altında qoruyur. Çünki Aİ da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesində beynəlxalq vasitəçilərdəndir. Azərbaycan tərəfi sadəcə bu tip məsələlər də Fransanın vasitəçiliyini qəbul etmir. Çünki Fransa əvvəldən, hətta torpaqlarımızın işğal altında olduğu dövrdən belə birmənalı şəkildə Ermənistanın işğalçı mövqeyini müdafiə edirdi və etməyə davam edir. Ona görə onun rəhbərliyi və təşəbbüsü ilə regionda yerləşdirilən Aİ müşahidə missiyasının mövqeyi Ermənistanın mövqeyindən uzaq deyil. 6 gün öncə Qafan bölgəsində bu missiyanın ikinci bir ofisi açılıb. Bundan əvvəl Gorusda da var idi. Qafan bölgəsi 1920-ci ilə qədər Azərbaycanın tərkibində olub.1922-ci ildə SSRİ yaradıldıqdan sonra şəhər Ermənistana təhvil verilib. Ona görə Qafanda İran, Rusiya, Fransanın hər hansı bir ofis açması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesinə zərbədir”.
S.Soltan onu da qeyd edib ki, Avropa İttifaqı mülki missiyanın fəaliyyətinin genişlənməsi sərhədyanı bölgədə vəziyyətin gərginləşməsinə xidmət edəcək:
“Bu tip missiyaların fəaliyyəti istər-istəməz Qarabağda 1988-ci ildə Moskvanın yaratdığı komitəyə bənzəyir. Ona görə Avropa İttifaqının Monitorinq Missiyası birtərəfli olduğundan daha çox Fransa, işğalçı niyyətli erməni lobbisinin maraqlarını müdafiə edəcək. Bu tip fəaliyyətlərlə missiya Azərbaycana təzyiq etmək istəyir və Azərbaycanın normallaşma prosesi ilə bağlı irəli sürdüyü sülh yolu xəritəsindən çəkindirməyə çalışır. Bu yollarla öz variantlarını Azərbaycana qəbul etdirmək istəyirlər. Ancaq missiyanın fəaliyyəti dövründə Azərbaycan-Ermənistan normallaşma prosesinə verdiyi heç bir töhfə müşahidə edilməyib. Bu, qondarma və qərəzli missiyadır”.
//Gülnarə Abasova, Editor.az

